Nazirlik qadağan edir, icra hakimiyyəti isə göz yumur... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Nazirlik qadağan edir, icra hakimiyyəti isə göz yumur... – FOTO

Nazirlik qadağan edir, icra hakimiyyəti isə göz yumur...

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Zığ ərazisindəki “Duzlu göl”də çimməyi builki yay mövsümündə də rəsmən qadağan etdi.

Mərkəzdən virtualaz.org saytına verilən açıqlamada bildirilirdi ki, göl istifadəyə əsla yararlı sayılmır. Buna səbəb isə gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmasıdır. Göl ətrafındakı antisanitariya vəziyyəti də xəstəlik mənbəyi hesab edilir.

Göldə çimməyin qadağan edildiyinə dair Suraxanı Rayon İcra Hakimiyyətinə (RİH), hüquq-mühafizə orqanlarına rəsmi məktub da göndərilib.

Lakin qadağalara baxmayaraq “Duzlu göl”ə gedənlərin sayı azalmır. Hətta əksinə, bu ərazidə çimməyə gedənlər üçün ayrıca marşrut avtobusları ayrılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi göldə çimməyi artıq neçə illərdir qadağan edir. Nəqliyyat Nazirliyi isə bu qadağaya məhəl qoymur. Nazirlik tələbatın böyük olduğunu əsas gətirərək yay mövsümündə bu əraziyə ayrıca marşrut xətti ayırır. Suraxanı Rayon İcra Hakimiyyəti isə “məsələni mənsiz həll edin” məzmunli mesajlar verməklə yaxasını kənara çəkir.

Nazirlik qadağan edir, icra hakimiyyəti isə göz yumur...


Çimərlik mövsümünün başlamasından artıq iki aya yaxın ötüb. Bəs ərazidəki vəziyyət dəyişibmi? Doğrudanmı göl insanların həyatı üçün təhlükə yaradır?

Virtualaz.org saytının reportyorları hər gün onlarla insanın getdiyi “Duzlu göl” ərazisində olub və bu suallara cavab axtarıb.

Zığ-Hövsan-Hava Limanı istiqamətindəki beton yoldan keçərək Hövsan istiqamətinə, oradan isə torpaq yola daxil oluruq. Uzaqdan hasarlanmış ərazi və kömür rəngli adamlar gözə dəyir.

Giriş də 50 qəpikdir, palçıq da...

Hasarın o tərəfinə keçmək üçün 50 qəpik ödəmək lazım gəlir. Lap girəcəkdə balaca yeməkxana fəaliyyət göstərir. Burada çay, kabablar, müxtəlif xidmətlər təklif olunur. Yeməkxananın qarşısında iki-üç balaca geyinib-soyunma otağı tikilib. Bir az qarşıda isə daha iki çayxana var.

Nazirlik qadağan edir, icra hakimiyyəti isə göz yumur...


Biz gölün ətrafına çatanda günorta və havanın isti olmasına baxmayaraq orada xeyli adam vardı. Hamısı da çimirdi. Maraqlıdır ki, gölə gələnlərin əksəriyyəti yaşlılar və rus millətindən olanlar idi.

Gölün ətrafında bir neçə yerdə palçıqlı vanna gözə dəyir. Suyun dibindən çıxarılan palçığı burada 50 qəpiyə satırlar. Bir qədər irəlidə isə əllərində palçıq torbaları tutmuş uşaqlar gəzirlər. Onlar da yod qarışıq palçığı 50 qəpiyə satırlar.

Bir məsələni də qeyd edək ki, ərazidə antisanitariya şəraiti hökm sürür. Gölün ətrafı təmizlənmir, bəzi yerlər zibil tullantılarından keçilməz haldadır.

“Oğlumun əllərindəki yara sağaldı”

Yaxınlıqdakı çayxanada oturub oğlunun göldən çıxmasını gözləyən Sahibə Həsənova deyir ki, oğlunun əllərinin üstündə yaralar əmələ gəlib. Artıq iki ildir “Duzlu göl”ə gəlirlər və artıq yaralar azalıb: “Oğlumun əllərində yaralar əmələ gəlmişdi. Dəri-zöhrəvi həkimi nə qədər müalicə yazsa da xeyri olmadı. Ötən ildən bura gəlirik. 10 gün palçıq sürtüb, sonra gölə girir. Daha 10 gün fasilə veririk. Beləliklə, bütün yayı gəlirik. Artıq yaralar azalıb”.

Nazirlik qadağan edir, icra hakimiyyəti isə göz yumur...


Kafedəki digər müştərilər də söhbətə qoşulurlar: “Göl əsəb, ürək, revmatizm, oynaq xəstəlikləri üçün müalicədir. Bax, gördüyünüz o qara palçıq osteoxondrozu tamam sağaldır”.

“Mən 10 ildir Biləcəridən bura gəlirəm. Əvvəllər yeriyə bilmirdim, indi xeyli yaxşılaşmışam” - bunu təxminən 50-55 yaşlarında olan kişi deyir.

Onun yanında outran və qara palçıq çəkib qurumasını gözləyən qadın da söhbətə qatılır: “Bura əsasən ruslar gəlir. Ruslar gəlirsə, deməli, xeyri var. Bizim millətə baxmayın, onlar canlarının qədrini bilirlər”.

Nazirlik qadağan edir, icra hakimiyyəti isə göz yumur...


74 yaşlı Fazil dayı da gölün müalicəsindən razı qalanların sırasındadır: “Belimdə revmatizm vardı. Ağrıkəsicilər də kömək eləmirdi. İndi hiss edirəm ki, ağrılar gedir. Son bir ayda nə ağrı var, nə də ağrıkəsici iynə vururam. Nə qədər ömrüm var, hər yay bu gölə gələcəm”.

“Bura - “Duzlu göl”ə Gürcüstandan, hətta Rusiyadan gələnlər var” - bunu isə yeməkxanada bizə çay gətirən yaşlı kişi söyləyir.

O, adını demək istəməyərək “Duzlu göl”lə bağlı yazılanlara etiraz edir: “Bura dünyanın müxtəlif yerlərindən gələn var. Gələnlər də dərdlərinə dərman tapıb gedirlər. Dünən Gəncədən bir kişi gəlmişdi. Yayda sanatoriyalara getmir, burada müalicə alır. Bura jurnalistlər də tez-tez gəlirlər. Əvvəlcə çimirlər, istirahət edirlər, sonra da gedib pisləyirlər”.

Müsahibimiz “Duzlu göl”ün özəlləşdirildiyini də qeyd edir: “Bu gölün sahibi var. Onun kim olduğunu hər kəs bilir. Yaxın vaxtlarda tikinti aparılacaq, burada sanatoriya olacaq. Pul verib çiməndə tərifləyəcəklər”.

““Duzlu Göl”ün ətrafında əsasən qaçqınlar məskunlaşıblar. Elə buranı “işlədənlər” də qaçqınlardır” - bunu isə palçıq satan uşaqlardan biri deyir.

“Buranın sahibi gölü hasarlamışdı, tikmək istəyirdi. Sonra gəlib gördük ki, hasarı söküblər, daşları da oğurlayıblar. İndi görürsünüz, hasar yarımçıq qalıb. Çayxanaları da qaçqınlar işlədirlər. Buna görə sahibi heç nə demir” - uşaq izahat verir.

Doğrusu, söhbət etdiyimiz hər kəs müalicənin xeyrinin olduğunu, göldən razı qaldıqlarını, lakin yeganə problemin antisanitariya olduğunu söylədi.

Göl yiyəsiz deyil, amma...

“Duzlu göl” ərazisində təxminən 40-dan çox məcburi köçkün yaşayır. Onların arasında yay mövsümündə gölə gələnlərə qarğıdalı, çay, palçıq satmaqla dolananlar var. Buna görə də köçkünlər ərazinin hasarlanmasına, duş kabinələrinin, yeməkxanaların tikilməsinəı icazə vermirlər.

Burada palçıq satanların sözlərinə görə, hətta ötən il sahibkarla qaçqınlar arasında mübahisələr də olub. Lakin əraziyə nəzarət edən, yəni “Duzlu göl”ə sahib çıxanlar köçkünlərin qarşısında geri çəkilməyə məcbur olublar.

Göldə əsas qazanc mənbəyi palçıq vannalarıdır.

Nazirlik qadağan edir, icra hakimiyyəti isə göz yumur...


Palçıq satanlar onu da deyirlər ki, palçığı əvvəlcədən yığıb saxlamaq olmur. Çünki gün vuran kimi quruyur. Buna görə də gölün dibinə girib palçıq yığırlar: “Çox çətin işdir. Palçıq vannasını doldurmaq üçün 4-5 dəfə gölə girmək lazımdır. İki-üç nəfərin köməyi ilə yarım saata bir vedrə yığırıq. Yox, əgər kimsə özü yığmaq istəyirsə, gölə girib toplaya bilər. Bunu heç kim qadağan etməyib. Sadəcə insanlar rahatlığı üçün hazır istəyirlər”.

Gölün özəlləşdirildiyi bildirilsə də zibilliklərin təmizlənməsi, ərzayə zibil qutularının qoyulması da həllini tapmayıb. Qaçqınlar gölə sahib çıxanları, qarşı tərəf isə qaçqınlrı günahlandırır.

“Bura gələnlər əllərinə keçənləri ətrafa atırlar. Gölün kənarında zibil atmaq üçün qutular qoysaydılar, zibil ora atılardı. Hamı özünü gölün sahibi hesab eləyir. Lakin narazılıq edəndə kimsə yaxın durmur. Biri qapıda pul yığır, digərləri isə palçıq satır. Halbuki duzlu və yodlu göl təbiətin nemətidir. Yoxsa natəmizlik içində müalicənin nə xeyri?!” - bunu isə deyinə-deyinə ərazidən uzaqlaşan qadın söyləyir.

Onu da qeyd edək ki, göldən bir qədər aralıda yodla zəngin bulaq var. Yodlu su yerdən qaynayaraq çıxır. Yodla zəngin suyun faringit, zob, bronxial-astma xəstəliklərinə xeyirli olduğunu söyləyirlər. Amma yodlu bulağın həndəvəri də natəmizlik içindədir.

“Duzlu göl”ün müalicəvi əhəmiyyətləri ilə bağlı internetdə yetərincə məlumatlar var. Amma göldəki natəmizlik, vannaların təmizlənməməsi ciddi xəstəliklərin yayılmasına səbəb ola bilər. Nəzərə alaq ki, yara və ya infeksisiya daşıyıcıları da buradan istifadə edirlər.

...Beləliklə, bir dövlət qurumu “olmaz” deyir, digərləri, daha konkret desək, Suraxanı RİH isə bu qadağalara sakitcə göz yumur. Gölə sahiblənənlərin başı hələlik mövsümdə 5-10 manat qazanmağa qarışıb. Antisanitariya içində itib-batan müalicəvi əhəmiyyətli göl isə baxımsızlıqdan məhv olur...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *