Bu da yeni bulvarımız - FOTOLAR
AZXEBER.COM-un "Azərbaycan" qəzetinə istinadla verdiyi məlumata görə, Böyükşor gölü nümunəvi istirahət yerinə çevrilir.
Abşeron yarımadasında olan 9 belə göldən ən böyüyü və daha mürəkkəb çirklənməyə məruz qalan Böyükşor gölünün bərpasının ilkin mərhələsi başa çatmaq üzrədir.
Hələ sovet dövründə Böyükşora sənaye, məişət tullantıları və çirkli lay suları, neft qalıqları axıdılıb. Gölün neftlə çirklənmiş əsas hissəsi Balaxanı qəsəbəsi tərəfidir. Bura İkinci Dünya müharibəsi zamanı xam neft üçün açıq anbar ərazisi kimi istifadə edildiyindən son dərəcə acınacaqlı vəziyyətdə idi.
Təmiz ərazilər və şəffaf su hövzələrində rast gəlinən köçəri quşlar da burada “lövbər” salmağa başlayıb.
Gölə axıdılan 76 kanalizasiya mənbəyinin sayı 44-ə qədər azaldılıb və digər çirklənmə mənbələrinin qarşısı alınıb. Cənub sahili boyunca çirkli suların qarşısının alınması üçün məişət kanalizasiya xətti çəkilib. Balaxanı neft yataqlarından gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda xüsusi bənd inşa edilib.
Uzun illər gölə axıdılan və artıq onun dibinə çökərək qalın təbəqə əmələ gətirən tullantıların təmizlənməsi üçün Hollandiyadan xüsusi avadanlıq gətirilib. Qurğunun gölün dibindən çıxardığı çöküntülər nasos vasitəsilə 4,5 kilometr aralıdakı 3 anbara vurulur.
Olimpiya stadionu inşa edilən ərazinin, yəni gölün şərq hissəsini əhatə edən 300 hektara yaxın sahənin bərpası işi birinci mərhələ çərçivəsində - 2015-ci ilin may ayınadək tamamlanacaq. Artıq gölün Olimpiya Stadionu olan sahilində bulvar salınır. Gəzinti ərazisi tamamilə betonlanıb. 2015-ci ilin əvvəlində bulvar hazır olacaq və burada fontanlar quraşdırılacaq. Bulvarın uzunluğu 1 kilometr, eni isə 60 metrdən 100 metrədək olacaq. Beləliklə, Böyükşor bulvarı Bakının ikinci bulvarı olacaq. Gölün Ziya Bünyadov prospekti tərəfi, yəni cənub sahilində isə park salınacaq.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələnin 2015-2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Artıq 2015-ci ilin sonunda istifadəsi nəzərdə tutulan Böyükşor gölünün üzərindən keçəcək 8 xətli magistral yol üçün bəndin kənar xətləri inşa olunub.
Mənbə:> AZXEBER.COM