Gürcüstana ayaq bassanız, başınıza gələcəklərdən agah olun
Əgər hələ də ayağınız bu torpağa dəyməyibsə, indi danışacaqlarımdan xəbərdar olmağınızda fayda var
Böyük qardaşımız Türkiyənin 50 illik mübarizəsindən 10 dəfə az vaxt və enerji sərf edən kiçik qonşumuz Gürcüstan artıq Avropa İttifaqının qapılarından sərbəst gediş-gəliş haqqı qazandı. Təbii ki, vətənpərvər qardaş-bacılarımızın "xristian klubu", "bizim böyüməyimizdən rahatsız olanlar cameəsi", "şanlı tariximizdən qorxanlar dəstəsi" kimi iradları yüzdə yüz haqsız deyil. Ən azından, hər bir fikrin yaşamaq haqqı var.
Amma və lakin… Gəlin, bir də qeyri-millətçilik pəncərəsindən baxaq. Görək, nə baş verir? Nə baş verir ki, o "xristian klubu" balaca Gürcüstana, heç bir önəmli təbii sərvəti olmayan, bir neçə xırda millətin qarışığından formalaşmış ölkəyə bu qədər sayğı göstərir. Necə olur ki, təhlükəsizlik faktorunun ilk sırada dayandığı bir dönəmdə, avropalılar öz canlarını (mallarını), kriminal keçmişi ilə ad qazanmış gürcülərə, svanlara, meqrellərə, abxazlara, osetinlərə (azərbaycanlıların kriminalla işləri yoxdur) etibar edirlər?! Azərbaycana ən yaxın Qərb ölkəsi olan (artıq belə adlandırmaq zorundayıq) Gürcüstana dəfələrə gedib-gəlmiş, müxtəlif şəhərlərini gəzmiş biri kimi, bu sualların cavabını öz yaddaşımın künc-bucağından tapmağa çalışacağam. Mənim müşahidələrim danılmaz fakt hesab edilməsə də, gördüklərimi nağıl etmək haqqım var.
Gedəcəyin ünvandakı ab-hava barədə məlumatın 50 faizdən artığı giriş qapıda, geri qalanı ünvanaqədərki səyahət prosesində toplanıb. Gürcüstanın sərhəd-keçid məntəqələrindən o yan-bu yana keçmək üçün cəmi bir nəzarət məntəqəsi var. Orada ümumvətəndaşlıq pasportuna və sifətinə nəzər salıb səni buraxırlar (təbii ki, sənədində və üzündə hansısa problem əksini tapmayıbsa). İki qurumun 8 nəzarət məntəqəsinə hesabat verməyə, hər pəncərədə boynunu büküb növbə gözləməyə, acıqlı baxışlarını sənə zilləmiş kameralara quru təbəssüm etməyə… ehtiyac yoxdur.
O tərəfə keçən kimi, qorxaq nəzərlərlə zəhmli polis serjantlarını və "miqalkasını" söndürüb, "KamAZ"ın arxasında keşik çəkən DYP əməkdaşlarını axtarmaq yersizdir. Çünki sərhəd-keçid məntəqəsində pasportunu təqdim etdiyin uniformalı gənclər məhz Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarıdır, yəni polislərdir. Yenə yəni, onlar bir missiyanı (təhlükəsizlik) yerinə yetirmək üçün, DSX, DGK, DYP və sair kimi əlavə qurumlar yaratmağa lüzum görmürlər. Polislərin avtomobillərini də PPX, ÇPX, YPX və sair deyə, bir-birindən fərqlənən növlərə bölməyiblər. Cəmi bir görünüşdə polis avtomobilləri var ki, onlar bütün X-lərin işini asanca görür. Qayda pozuntusu etdikdə, sənədini birinə, qollarını digərinə uzatmaq kimi bir dərdin olmur.
Ölkənin ən ucqar keçid məntəqəsindən paytaxt Tiflisə qədər olan bir neçə yüz kilometrlik yolda, avtomobilindəki sərnişinlərə "biriniz stasionar radarları, digəriniz ikiayaqlı radarları, o biriniz DYP maşınlarını izləyin, mən də yola baxım" demək ağlından keçməsin. Hər yüz kilometrdən bir stasionar radar tapsan, dirəyini, polis avtomobili görsən, "parpresini" öpüb hönkürərsən. Məmləkətim yadıma düşdü deyə… Deyək ki, bu rahatlıqdan feyziyab olub qayda pozuntusu elədin və polis əməkdaşı avtomobilini saxlatdı. Bu əsnada dünən axşamdan içdiyin keyfiyyətsiz zəhrimarın iyisi polisin burnuna dəydi. O zaman sənin ilk ağlına, qonşunuzun xalasının DYP-də işləyən oğlunun nömrəsini axtarmaq gələcək. Axı, qonşunun qohumu araya düşüb səni qismən az zərərlə asayiş keşikçilərinin əlindən ala bilməsə, 3 litr tut arağını 3 dəqiqə əvvəl içib stoldan durmadığına dair kimisə inandıra bilməzsən.
Amma sən belə uzaqgörən xəyallarla əlləşərkən, gürcü polis bədənindəki alkoqolun miqdarını yoxlayacaq və onun dozasına uyğun olaraq cərimə yazacaq. Üstəlik sərxoş avtomobil idarə etməyə görə nəzərdə tutulan maksimal məbləğ belə, sən düşündüyündən bir neçə dəfə azdır. Məsələn, elə bir cərimə yazacaq ki, elə bil təhlükəsizlik kəmərini taxmağı unudan sərnişinlə birgə "QAİ" postu keçmisən.
Getdin, gəzdin-dolandın və geri qayıdanda Tiflisin sonuncu işıqforunda qırmızı işıqda keçdin. Bunu görən o tərəfdəki polisin "saxla" əmrinə də əhəmiyyət verməyib, üzü Vətənə doğru götürüldün. Rahat ol, gözün güzgülərdə qalmasın, kimsə sənin arxanca düşüb sərhədədək qovmayacaq. Çünki qarşıda yol digər polis avtomobil(lər)i tərəfindən kəsilmiş olacaq. Bu da olmasa belə, gələndə üzünə təbəssüm edən sərhəd polisi vardı ha, bax onun o biri üzünü görəcəksən. Ağlına başqa fikir gəlməsin, sadəcə etdiyin qayda pozuntusunun cəriməsini ödədikdən sonra səni ölkədən buraxacaq. Gecdir artıq, bu söhbətin ardı çox uzanacaq. Sərhədi keçib geri dönürük, hazır olun…
Mənbə:> Sputnik.az