Sürücülər bir-birinə təhlükə yaradır – VİDEO
Bakının Qaradağ rayonu ərazisində sürücülər avtomobilləri elə saxlayırlar ki, başqalarına problem və hətta təhlükəli vəziyyət yaradırlar.
Aznews.info Avtosfer.az-a istinadən xəbər verir ki, söhbət Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 29-cu kilometrliyində (yaşayış məntəqəsindən kənar hissədə) yerləşən (sağda) mağazalardan gedir. Burada yola 3.27 nişanı qoyulub və bununla da dayanma-durma qadağan edilib. Ancaq sürücülər yolun hərəkət hissəsində dayanma-durma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaradırlar. Əməkdaşımız bu barədə dəfələrlə əraziyə nəzarət edən Baş DYPİ-nin Yol Patrul Xidməti Alayının 6-cı tağımına müraciət etsə də bildirilib ki, həmin ərazidə duranlar mağazadan alış-veriş edirlər, kasıb adamlardır, onlara cərimə yazmaq düzgün deyil.
Hətta 6-cı tağıma aid 99-YP-847 nömrə nişanlı patrul avtomobilindəki inspektorlar bildirib ki, bura onların ərazisi deyil, başqa naryad nəzarət edir.
Həmin yoldan istifadə edən sürücülərdən biri bildirib ki, hər gün o yoldan keçir və hər dəfə də onun hərəkətinə maneçilik yaranır: “Kimsə mağazadan nəsə alacaqsa, mən ona görə əziyyət çəkməliyəm? Mən adi vətəndaş olaraq daim qayda pozuntularını çəkib BDYPİ-nə göndərərək sürücülərin məsuliyyətə cəlb olunmasında vətəndaşlıq mövqeyi göstərirəm, amma 6-cı tağım buna göz yumaraq sürücülərə cərimə yazılmağını düzgün saymır. Heç bir qanunda göstərilməyib ki, “sürücü imkansız olarsa, qayda poza bilər”. Belə bir ifadə yoxdur. Buradan da görünür ki, onlar qayda pozuntularının artmasına göz yumurlar. Belə xidmətlə, belə sürücülük mədəniyyəti ilə, belə təfəkkürlə biz heç vaxt inkişaf etməyəcəyik”.
Mənbə:> Avtosfer.az