DİQQƏT: DYP-dən sürücülərə xəbərdarlıq: 30 manat cərimə
Bu günlərdə bölgələrdə istirahətdə olanların Bakıya və digər şəhərlərə axını başlayır. Əksər sürücülər gecə vaxtı yola çıxdığı üçün yollarda müxtəlif problemlərlə rastlaşırlar. Sürücüləri narahat edən məsələlərdən biri də qarşılıqlı hərəkət zamanı işıq sistemindən düzgün istifadə edilməməsidir.
Çünki bəzi sürücülər avtomobilin uzaq işıqlarından harada gəldi istifadə etdiyi üçün başqalarına çətinlik yaradır. Bütün bunları nəzərə alaraq Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, "Yol hərəkəti haqqında” qanunun 73-cü maddəsinin 4-cü bəndinə görə, uzaq işıqlardan davamlı istifadə etmək qadağındır. Belə ki, uzaq işıq yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda, yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə yaxın işığa keçməlidir. Bundan əlavə, sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalıbsa uzaq işıqlar yaxın işıq rejiminə keçirilməlidir. Ümumiyyətlə isə qanunvericilik tələb edir ki, yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda uzaq işıq yaxın işığa keçirilməlidir. Bu isə o deməkdir ki, sürücülər təkcə qarşıdan nəqliyyat vasitəsi gəldikdə yox, həm də yolun hərəkət hissəsində piyada, at arabası, mal-qara ötürən olduqda da işıq cihazlarından qanunun tələbinə uyğun istifadə etməlidir.
Dövlət Yol Polisi İdarəsi başqa nəqliyyat vasitəsinin uzaq işığının təsirindən gözü qamaşan sürücülərin diqqətinə çatdırır ki, bu halda qəza işıq siqnalını qoşmaq və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmaq lazımdır. Arxadan gələn nəqliyyat vasitələrinin uzaq işıqları avtomobilin salonundakı və yan güzgülər vasitəsilə sürücünün diqqətini yayındırdıqda isə tövsiyyə olunur ki, sürücü mümkün qədər sürəti azaltsın, avtomobilin modelindən asılı olaraq güzgüləri gecə rejiminə keçirsin.
DYP sürücüləri bu qaydalara əməl etməyə çağırır və bildirir ki, işıq cihazlarından düzgün istifadə etməyən sürücüləri 30 manat cərimə gözləyir.
Mənbə:> Report