358 azərbaycanlı Gürcüstana gedə bilmədi
Gürcüstan 2015-ci ilin ilk üç ayı ərzində 358 Azərbaycan vətəndaşına ölkəyə girişə icazə verməyib.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Məlumat-təhlil departamenti məlumat yayıb.
Məlumata əsasən, Gürcüstan ümumilikdə 3 041 vətəndaşa ölkəyə girişə icazə verməyib və onların arasında Türkiyə və Azərbaycan vətəndaşları birinci yerdədirlər.
Hesabat dövründə gürcü sərhədçilər 1 509 Türkiyə vətəndaşına, 224 Ermənistan, 143 İran, 98 Özbəkistan və 95 Hindistan vətəndaşına ölkəyə girişə icazə verməyiblər.
Məlumata əsasən, qeyd olunan dövrdə 379 Azərbaycan vətəndaşı viza rejimini pozub. Ümumilikdə isə viza rejimini 2 697 nəfər pozub.
Viza rejiminin pozulması halları daha çox Tiflis beynəlxalq hava limanında – 668 hal, daha sonra Türkiyə ilə sərhəddə “Sarpi” sərhəd keçid məntəqəsində - 533, Rusiya ilə sərhəddə “Kazbeqi” sərhəd keçid məntəqəsində - 471, Azərbaycanla sərhəddə “Qırmızı körpü” sərhəd keçid məntəqəsində - 351 və Ermənistanla sərhəddə “Sadaxlı” sərhəd keçid məntəqəsində - 217– qeydə alınıb.
Mənbə:> Oxu.Az