Azərbaycanda yekəqarın polis yoxdur – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda artıq çəkidən əziyyət çəkən polis əməkdaşlarına arıqlamaq tapşırığı verib. Bəs Azərbaycanda polis əməkdaşlarına belə bir tapşırığın verilməsi gözlənilirmi?
Oxu.Az xəbər verir ki, mövzu ilə əlaqədar Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən polis polkovniki Ehsan Zahidov Femida.az-ın suallarını cavablandırıb.
“Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti olaraq nazirin birbaşa iştirakı ilə polis orqanlarına qəbul olunan namizədlərin ya fotolarını, ya da videogörüntülərini ictimaiyyətə mütəmadi olaraq təqdim edirik. Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarına seçilən namizədlərin xarici görünüşü, fiziki hazırlığı ilə bağlı müəyyən olunmuş normalar mövcuddur. Yəni boyu 175 santimetrdən aşağı olmayan, idmançı görkəminə malik, bədən ölçüləri boylarına uyğun olan vətəndaşlar işə götürülür. Bizdə sovet dönəmindən fərqli olaraq, yekəqarın, həddindən artıq arıq insanlar polis orqanlarına qəbul olunmur. Yəni Tacikistandakı kimi bizdə əlavə göstərişin verilməsinə ehtiyac yoxdur. Azərbaycanda ümumiyyətlə yekəqarın polis yoxdur”.
- Doğrudur, polis orqanlarına yalnız müəyyən normalara cavab verən namizədlər qəbul olunur. Lakin elə hallar da olur ki, müəyyən yaşdan sonra bəzi polislərimiz həddindən artıq çəki əldə edirlər…
Polis də bir insandır. Müəyyən yaş keçdikdən sonra onun qarnı çıxa, kökələ bilər. Polis əməkdaşlarına mütəmadi olaraq dərslər keçirlir. Bu dərslərdə polis əməkdaşlarının qidalanması barədə onlara daimi tövsiyyələr verilir. Polis əməkdaşlarımız həftə ərzində ən azı 2-3 dəfə dərslərə cəlb olunur. Əgər bizdə artıq çəkili polislər varsa, o da sovet dönəmində xidmətə qəbul olanlardır. Onlar da yəqin ki, yaxın vaxtlarda təqaüdə göndərilər.
Mənbə:> Oxu.az