Polis olmaq istəyənlərin nəzərinə!
Daxili işlər naziri Ramil Usubov vətəndaşları qəbul edəcək.
ANS PRESS-in Daxili İşlər nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, bu gün saat 10:00-da Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarının sakinlərini Bərdə Rayon Polis Şöbəsində qəbul edəcək.
Qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək. Sıra baxışında, yalnız qeyd edilən şəhər və rayonların müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəllər məhkum olunmamış, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi, həmçinin boyu 170 santimetrdən aşağı olmayan qadın vətəndaşları iştirak edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Müsabiqəyə yuxarıda göstərilən şəhər, rayon polis şöbələrinin post-patrul nizami hissələri üzrə 30 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından kişi vətəndaşlara üstünlük veriləcəyinin nəzərə alınması xahiş olunur.
Mənbə:> ANSPRESS