AB koordinatorları Azərbaycanda görüş keçirib
Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramının koordinatorları ilə Nazirlikdə görüş keçirilmişdir
AzNews.info xəbər verir ki, 27 fevral 2017-ci il tarixində Nazir müavini Sevda Məmmədəliyeva ilə Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramının koordinatorları Tim Vilyams, Raqnar Siil, Simon Ellis, Britaniya Şurasının (British Council) Azərbaycan üzrə ofisinin əməkdaşları Dilarə İbrahimova, Sevinc Ağazadə (proqramın yerli koordinatoru) və ekspert Cahangir Səlimxanov arasında Nazirlikdə görüş keçirildi.
Qeyd etmək lazımdır ki, Britaniya Şurası 2015-ci ilin aprel ayından etibarən Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramını idarə edir. Proqram Avropa Birliyi tərəfindən Azərbaycan və Şərq Tərəfdaşlığına daxil digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədilə yaradılmışdır.
Görüş zamanı “Mədəni İnkişafa dair Göstəricilər Toplusu” (Culture İndicators) layihəsinin inkişafı müzakirə edildi. Qeyd etmək lazımdır ki, “Mədəni İnkişafa dair Göstəricilər Toplusu” layihəsi YUNESKO tərəfindən tərtib edilmişdir və ölkədə mədəniyyət sahəsinin inkişafının ölçülməsi və planlaşdırılması üçün çox əlverişlidir.
Nazir müavini Sevda Məmmədəliyeva həm Avropa İttifaqı, həm də Britaniya Şurası ilə əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Nümunə olaraq, Britaniya Şurasının təşkil etdiyi Teatr HD layihəsinin Bakıda çox maraqla qarşılandığını bildirdi. Sevda Məmmədəliyeva eləcə də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən mədəniyyət sahəsinin idarəetməsi sisteminin inkişafına yönəlmiş Tvinninq layihəsini xüsusilə qeyd etdi.
Görüş zamanı Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan digər layihələr barədə müzakirə aparıldı.
Sonda Sevda Məmmədəliyeva qeyd olunan sahələr üzrə əməkdaşlıq imkanının yaranmasından məmnunluq hissi keçirdiyini bildirdi və görüş iştirakçılarını Bakıda cari ilin 5-6 may tarixlərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.
Mənbə:> AzNews.info