Dövlət Xidməti saxta yumurta ilə bağlı əhaliyə müraciət etdi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) son günlər bəzi kütləvi informasiya vasitələrində (KİV) Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Oxu.Az xəbər verir ki, DBNX-nın rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov APA-ya bildirib ki, bır sıra KİV-də guya Çin Xalq Respublikasında süni yumurta istehsal olunması və onun Azərbaycana idxal edilməsi ilə bağlı məlumatlar yayılıb.
“Bu məlumatla əlaqədar qəti şəkildə bildirirəm ki, Çin Xalq Respublikasından 2016-cı il ərzində Azərbaycana 1 ədəd də olsun yumurta idxal olunmayıb. Bunu Dövlət Gömrük Komitəsi təsdiq edə bilər. Əhaliyə müraciət edərək bildirirəm ki, əgər kiminsə əlində bu barədə hər hansı fakt, süni yumurtanın satıldığı məkan haqda məlumat varsa, dərhal Dövlət Baytarlıq Nəzarəti xidmətinin “qaynar xətti”nə məlumat versinlər.
Kütləvi informasiya vasitələrinin iştirakı ilə bu faktı yerində araşdırmağa hazırıq. Bir daha qeyd edirəm ki, yayılan məlumatlar heç bir real fakta söykənmir”, - deyə A. Süleymanov bildirib.
Mənbə:> Oxu.Az