“Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda ikinci respublika elmi-nəzəri konfrans keçirilib
AzNews.info xəbər verir ki, Respublikamızda təşəkkül tapmaqda olan bazar iqtisadiyyatı şəraitində idarəetmə elminin müasir problemlərinin tədqiqatı xüsusi əhəmiyyət kəsb edir. Deməli, istənilən sahədə idarəetmə prosesinin səmərəli təşkili üçün ilk növbədə, onun praktik əsaslarının düzgün müəyyənləşdirilməsi zəruridir.
Azərbaycan Respublikasında müxtəlif sahələrdə idarəetmənin təşkili ilə bağlı elmi-nəzəri və analitik empirik tədqiqatlar ortaya qoyulur və hər bir araşdırma nümunəsi yönəldiyi sahədə idarəetmənin təkmilləşdirilməsi üçün böyük əhəmiyyət daşıyır.
Oktyabrın 28-də Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin ”Doktorantura və əlavə təhsil” şöbəsinin təşkilatçılığı ilə “ Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların ikinci respublika elmi-nəzəri konfransı keçirilib. ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos Eldar Aslanov iştirakçıları salamladıqdan sonra bildirib ki, “dövlətin və bələdiyyənin idarə edilməsi”, “sosial-iqtisadi sahələrin idarə edilməsi”, “təhsil və mədəniyyətin idarə edilməsi”, “biznes idarəçiliyi”, “investisiya menecmenti”, “idarəetmədə hüquq problemləri”, “idarəetmədə multikultural dəyərlər” bölmələrində ümumilikdə konfransın gündəliyinə daxil edilən 30 məruzə dinləniləcək. Konfransın əsas məqsədi Azərbaycanda mövcud idarəetmə problemlərinin aşkar edilməsi, müxtəlif sahələrdə qarşıya çıxan mühüm məsələləri təhlil müstəvisində qiymətləndirməklə effektiv həll variantının təcrübədə uğurlu tətbiqindən ibarətdir. Rektor əvəzi idarəetmənin çoxcəhətli bir prosesi əhatə etdiyini, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqəli olduğunu dedi.
ATMU-nun “Doktorantura və əlavə təhsil” şöbəsinin müdiri, f-r.e.n., dos. Nəsirullah Nəsirli qeyd etdi ki, bazar iqtisadiyyatı planlı təsərrüfata nəzərən idarəetmə qərarları qəbul edən rəhbərlərdən daha yüksək bilik və bacarıqlar tələb edir. Belə tələb strateji qərarlar hazırlayan mütəxəssislərə qarşı daha yüksək olur. Bazarın tələblərinə cavab verən , istehlakçıları özünə cəlb edən, yeni sosial-iqtisadi xüsusiyyətlərə malik orijinal məhsul və xidmət istehsalı səmərəli strategiyanın işlədilməsi və tətbiqini tələb edir ki, bu da idarəçinin, rəhbərliyin funksiyasına daxildir.
Bu keyfiyyətlər də yalnız o idarəçilərdə olur ki, onlar idarəetmənin metod və funksiyalarına, onun iqtisadi mexanizminə, yeniliklər barədə zəruri biliklərə malik olsunlar, əməyin motivasiyasını lazımi səviyyədə təşkil edə bilsinlər. Bu baxımdan universitetdə təşkil olunan növbəti tədbirin konkret istiqamətdə faydalı olacağına inanırıq.
Mənbə:> AzNews.info