Dərman vasitələrinin reklamı düzgündürmü? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Dərman vasitələrinin reklamı düzgündürmü?

Dərman vasitələrinin reklamı düzgündürmü?


Televiziya kanalları dərman preparatlarını reklam edərkən müəyyən şərtləri yerinə yetirməlidir.

Aznews.info xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən Milli Məclisin iclasında dərman reklamı ilə bağlı səsləndirilən narahatlığa münasibət bildirilərkən deyilib.

Nazirlikdən bildirilib ki, hal-hazırda Səhiyyə Nazirliyi dərmanların reklamına icazə verilməsi ilə məşğul olmur:

“Qanunvericiliyə görə dərmanların reklamına Səhiyyə Nazirliyi tərəfindən icazə verilməsi nəzərdə tutulmayıb. Əvvəllər Səhiyyə Nazirliyi tərəfindən rəy verilirdi, hazırda isə bu məsələ nəzərdə tutulmur. Ancaq televiziya kanalları da yalnız reseptsiz satılan dərmanları reklam edə bilərlər, reseptlə satılan dərmanlar isə ümumiyyətlə reklam olunmur.

Hətta bütün reklamlarda aşağı hissədə yazılmalıdır ki, dərman preparatının istifadəsinin əks təsirləri var və istifadədən öncə həkimlə məsləhətləşin. Bu artıq bir şərtdir. Bu şərt yerinə yetirilmədən televiziyalar həmin dərmanın reklamını yayımlamamalıdır. Yəni, burada telekanallar da qanunvericiliyin tələblərinə əməl etməlidirlər”.

Məsələyə Milli Televiziya və Radio Şurasından da münasibət bildirilib. MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Trend-ə deyib ki, televiziyalarda reklam olunan dərmanların keyfiyyətli və ya keyfiyyətsiz olması məsələsinə MTRŞ nəzarət etmir:

“Bizdə elə tibbi ekspertlər yoxdur ki, dərmanların keyfiyyətinə nəzarət etsin. Qanunvericiliyə əsasən, Şuranın üzərinə düşən bir məsələ var ki, reseptlə satılan dərmanların reklamına nəzarət edə bilər. Əgər müvafiq dövlət qurumları və ya ictimai təşkilatlar tərəfindən konkret əsaslandırılmış müraciət olarsa, biz onun əsasında monitorinq şəraitində hansısa faktı qiymətləndirə, rəy verə və qanunvericilik çərçivəsində müvafiq tədbirlər görə bilərik”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev bildirib ki, dərmanların reklamı “Dərman vasitələri haqqında” qanunda öz əksini tapıb:

“Əvvəl o qanun olmayanda dərmanların reklamı tamam qadağan olunmuşdu. Sonradan müvafiq icra hakimiyyəti orqanının tövsiyəsi ilə Milli Məclisə qanun layihəsi gəldi. Həmin qanun layihəsində reseptlə satılan dərmanlar istisna olmaqla, digər reseptsiz satılan dərmanların reklamına icazə verilirdi. Ancaq biz orada düzəliş etdik ki, reklam forması Səhiyyə Nazirliyi ilə razılaşdırılmalıdır. Dünyanın bir sıra ölkələrində bu təcrübə mövcuddur, reseptsiz satılan dərmanların reklamına icazə verilir.

Amma mən nə dərman vasitələrinin, nə də bioloji aktiv qida əlavələrinin reklamının tərəfdarıyam. Çünki dərman müalicə vasitəsidir. Yalnız həkim bilir ki, hansı dərman hansı xəstəyə kömək edər, hansı dərman hansı dərmanla işlənsə, yaxşı təsiri olar. Elə dərman olar ki, müəyyən insanlar üçün allergiya törədə bilər. Amma buna baxmayaraq, bir sıra ölkələrdə reseptsiz satılan dərmanların reklamına icazə verilir”.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *