"Al-əlvan Qarabağ" – FOTO
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin, “Sağlam Düşüncə” Gənclər təşkilatının, IB Club Gənclərin İnkişaf Mərkəzinin və “Park Bulvar” AVM-in tərəfdaşlığı ilə VIII-qrant müsabiqəsi çərçivəsində qalib olmuş Al-Əlvan Qarabağ adlı layihənin açılış mərasimi keçirildi.
AzNews.info xəbər verir ki, Binəqədi rayon Gənclər Evində Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq üçün həyata keçirilən “Al-əlvan Qarabağ” şüşə üzərində rəsm layihəsi çərçivəsində növbəti sərgi açılıb.
Layihənin rəsmi hissəsində “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin baş direktoru Güllü Atakişiyeva layihənin əsas məqsədindən danışaraq, gənclər üçün önəmindən danışdı. Azərbaycan xalçaçılıq sənətində QARABAĞ xalçaçılıq məktəbinin özünə məxsus dəsti xəttinin geniş ictimaiətə çatdırılması hər bir Azərbaycanlının üzərinə düşdüyünü qeyd etdi.
Daha sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək Azərbaycanın qədim və zəngin ənənələrə malik xalçaçılıq irsinin öyrənilməsində və gənclər arasında təbliğində belə layihələrin, tədbirlərin və sərgilərin əhəmiyyətini yüksək qiymətləndirib.
Daha sonra Virtual Qarabağ İKT mərkəzinin rəhbəri Nurəddin Mehdiyev çıxış edərək Qarabağ xalçalarının tarixindən danışıb. N.Mehdiyev bildirib ki, hələ X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağın həm dağlıq, həm də aran zonalarında xalçaçılıq sənəti özünəməxsus xüsusiyyətləri ilə fərqlənən inkişaf yolu keçib. Tarixi inkişaf prosesində Qarabağ xalçaçılıq məktəbi öz spesifikliyini qoruyub saxlayıb. Bu xalçaların bədii tərtibatında həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir.
Qeyd edək ki, layihənin məqsədi Qarabağ xalçaçılıq məktəbinin spesifikliyini rəsm sənəti ilə gənclərə təbliğ etməkdir.
Açılış mərasimin ardınca şüşə üzərində Qarabağ xalçaları təsvir olunmuş rəsm əsərləri nümayiş olundu. Qeyd edək ki, sərgidə 25 əsər nümayiş edildi və sərgiyə baxış keçirildikdən sonra əsərlər səs vermə nəticəsində müəyyənləşdirildi. Ən çox səs toplamış 3 əsərin qalibi seçilərək plaket təqdim olundu. Sərginin sonunda sərgiyə təqdim olunan əsərlərin müəllifləri sertifikatlarla təltif olundu.
Layihə çərçivəsində növbəti sərgi 15.10.2016 tarixində Park Bulvar alış-veriş mərkəzində baş tutdu. Geniş ictimaiətə açıq olan sərgi alış-veriş mərkəzinə gələn əhalinin diqqətini çəlb etdi.
Mənbə:> AzNews.info