Səhiyyə Nazirliyi əczaçılıq firmalarına xəbərdarlıq etdi
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əczaçılıq firmalarına xəbərdarlıq edib. Onlara dərmanların içliklərinin Azərbaycan dilində yazılması üçün tapşırıqlar verilib.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, mərkəzin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət etməkdir. “Respublikanın ərazisinə idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olması tələbi irəli sürülüb. Analitik Ekspertiza Mərkəzi dərman vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli, 208-IIIQ nömrəli Qanuna əsaslanır. Həmin qanunda istifadə təlimatının (içlik) Azərbaycan dilində olması zəruriliyi öz əksini tapır”, - nazirlikdən deyiblər.
İstifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir. Dərman vasitəsinin düzgün istifadə edilməsi onun müalicəvi effektini təmin edən əsas şərtlərdən biridir. Həmçinin, istifadə təlimatı dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsi, farmakonəzarətin həyata keçirilməsində əhəmiyyətli rola malikdir. Belə ki, məlum olduğu kimi, istehlakçılar üçün nəzərdə tutulan istifadə təlimatında dərman vasitəsinin farmakoloji xüsusiyyətləri, istifadəsinə göstəriş və əks göstərişlər, digər dərman vasitələri ilə qarşılıqlı təsiri, hamiləlik və laktasiya dövründə istifadəsi və digər bu kimi məlumatları əks etdirir. Bununla yanaşı içlik vərəqəsində dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri, doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman vasitəsinin saxlanması (temperatur rejimi və dərman vasitəsinin saxlanması üçün tələb olunan şərtlər) qaydaları, yararlılıq müddəti, aptekdən buraxılma şərti (resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsilə düzgün davranış qaydalarını müəyyən edən məlumatlar bildirilir.
Farmakonəzarət vasitəsilə istifadə təlimatında qeyd edilməyən əlavə təsirlər və s. aşkar olunur və daha sonra həmin əlavə təsirlərin təlimatda öz əksini tapmasını təmin edir. Bu səbəbdən istifadə təlimatlarının əhali üçün anlaşılan və sadə dildə olması zəruridir.
Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarını, əczaçılıq topdan və pərakəndə satış müəssisələrini, dərman vasitələri istehsalçılarının nümayəndəliklərini, həmçinin əhalini sözügedən sahədə baş verən yeniliklər barədə məlumatlandırıb, onlarla fikir mübadiləsi aparıb, lazımı xəbərdarlıqlar edib.
Mənbə:> Virtualaz.org