Yasamal sakinləri “kupça” aldı
Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binanın həyətində keçirilən kampaniya çərçivəsində 100-ə yaxın sakinə mənzillərinə dair çıxarışlar (kupça - red.) təqdim olunub.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Oxu.Az-a bildirilib.
Eyni zamanda kampaniya çərçivəsində mənzillərə dair çıxarışların verilməsi üçün birbaşa ünvanlarda ilkin hüquq-müəyyənedici sənədlər də qəbul edilib.
Komitədən qeyd edilib ki, qeydiyyat xidmətlərinin bilavasitə ünvanlarda göstərilməsi vətəndaşların bu iş üçün əlavə vaxt itkisinin qarşısını alır.
Qeyd edək ki, 2016-cı ildə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib.
Ümumilikdə indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalanaraq öz ünvanında çıxarış əldə edib.