Səyyar “ASAN xidmət” Ağdam, Astara və Göyçayda
Sentyabrın 28-dən oktyabrın 12-dək Səyyar “ASAN xidmət” Ağdam rayonunda Ağdam və Ağcabədi, Astara rayonunda Astara vəLənkəran, Göyçay rayonunda isə Göyçay və Ağdaş sakinlərinə səyyar formada xidmət göstərəcək.
Bu barədə Dövlət agentliyindən Oxu.Az-a bildirilib.
Xidmətdən verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli