Gürcülər italyan operasını Azərbaycan dilində təqdim etdilər
AzNews.info xəbər verir ki, Sentyabrın 20-də "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalında iki tamaşa oynanıldı. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Mingəçevirdə Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirdilər. Şəki səhnəsi isə yenə də qonaqları qarşıladı.
N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı festivala məşhur İtaliya bəstəkarı Coakkino Rossininin "Sevilya bərbəri" operası əsasında hazırlanmış tamaşa gətirmişdi. Klassik musiqini uşaqlara sevdirmək niyyəti ilə hazırlanmış səhnə əsəri fonoqram səsləndirmənin köməyi ilə qurulmuş kukla teatrı tamaşasıdır. Tamaşaya daha çox uşaq baxa bilsin deyə, mətni gürcü, rus, Azərbaycan, türk və ingilis dillərində lentə alınıb.
Şəkidə Azərbaycan dilində oynanılan tamaşa anşlaqla keçdi. Gözəl Rozina ilə qraf Almavironun saf sevgi macərası, hiyləgər və çevik bərbər Fiqaronun sevənlərə kömək etməsi barədə əhvalat-tamaşa balaca teatrsevərlərin ürəyincə oldu.
Səhnədə italyan dilindəki əsərin məzmununu aparıcı-dirijordan doğma dildə eşitmək onları böyük opera sənətinə bir addım yaxınlaşdırmağa xidmət edirdi. Rejissor Besarion Kupreişvili ilə əsəri kukla teatrı formatına uyğunlaşdırmış Quri Zakareişvilinin bu ideyası artıq dördüncü dəfədir ki, Gürcüstandan kənarda uğurla oynanılır.
Mənbə:> AzNews.info