Şəkidə TÜRKSOY Teatr direktorları şurasının 5-ci toplantısı keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Şəkidə TÜRKSOY Teatr direktorları şurasının 5-ci toplantısı keçirilib

Şəkidə TÜRKSOY Teatr direktorları şurasının 5-ci toplantısı keçirilib


AzNews.info xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY qardaş xalqların ortaq mədəni irsinin dünyada tanıdılması, mədəniyyət və incəsənətin müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsi məqsədilə çeşidli layihələr həyata keçirir. Bu məqsədlə təşkilatın himayəsi altında müxtəlif əməkdaşlıq formatları qurulub və müntəzəm sənət görüşləri keçirilir. TÜRKSOY Teatr direktorları şurası da belə yaradıcı əməkdaşlıq müstəvilərindən biridir.

Sentyabrın 17-də Şəkidə TÜRKSOY Teatr direktorları şurasının 5-ci toplantısı gerçəkləşdi. Tədbirin keçirilməsi üçün Şəki şəhərinin seçilməsi də təsadüfi deyildi. Əvvəla, Şəki 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub və bu il ərzində TÜRKSOY xətti ilə keçirilən bir çox tədbirlərə qucaq açıb. İkincisi, bu günlərdə davam edən "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı türkdilli xalqların teatr sahəsində əməkdaşlığının perspektivlərinin müzakirəsi üçün ən əlverişli ortam sayıla bilər. Üstəlik, bu ildən etibarən şurada Azərbaycanı S.Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili təmsil edir.

Qeyd edək ki, TÜRKSOY təşkilatında Teatr direktorları şurası 2011-ci ildə yaradılıb və ötən müddətdə bir sıra layihələr həyata keçirilib. Türkdilli ölkələrin dramaturqlarının pyeslərindən ibarət 2 almanax çap olunub. Üçüncü almanaxın isə uşaq pyeslərinə həsr olunması planlaşdırılır. Türkdilli dövlətlərdə qarşılıqlı olaraq tamaşaların hazırlanması üzrə müəyyən işlər görülüb, dramaturqlar arasında müsabiqə keçirilib. Bu il Türkiyənin Adana şəhərindəki Çukurova Universitetində gənc qazax dramaturqu Oljas Janaydarovun müasir gənclərin həyatından bəhs edən "Rəqslər, üstəgəl" pyesinə həmin universitetin azərbaycanlı professoru Cahangir Novruzov quruluş verib. Lap bu yaxınlarda isə digər azərbaycanlı rejissor Nicat Kazımov Moldovanın Qaqauz Yeri muxtar bölgəsində Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında türk yazıçısı Əziz Nesinin "Öldür məni, can-ciyər" pyesini tamaşaya qoyub. TÜRKSOY-un qərarı ilə "Kitabi-Dədə Qorqud" dastanının 12 boyu üzrə 12 ölkədə teatr tamaşasının hazırlanması nəzərdə tutulur ki, həmin pyeslərin artıq səkkizi səhnələşdirilib.

Bu məlumatları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı toplantının jurnalistlər üçün açıq olan hissəsində diqqətə çatdırdı.

Toplantı başa çatdıqdan sonra o, müzakirə olunan məsələlər barədə ətraflı məlumat verdi:

- Beşinci toplantımız başa çatdı. Hər iştirakçı öz ölkəsindəki teatr həyatı ilə bağlı məlumat verdi, mövcud problemlərdən, qazanılmış uğurlardan danışdı. Şuranın işi ilə əlaqədar təkliflər irəli sürüldü. Qarşıda bizi bir sıra yubileylər, teatr festivalları gözləyir. Qazaxıstanın nümayəndəsi, Mangıstau vilayəti N.Janturin adına Musiqili Dram Teatrının direktoru Nurniyaz Muxanov təklif etdi ki, 2018-ci ildə Aktau şəhərində Xəzəryanı ölkələrin teatr festivalı keçirilsin. Biz bu təklifi müzakirə üçün qəbul etdik. Müzakirə zamanı bu festivalın hər il növbə ilə beş Xəzəryanı dövlətdən birində keçirilməsi ideyası da yarandı. Təbii ki, festivalın parametrlərini müəyyən etmək, ona hazırlaşmaq üçün xeyli vaxtımız var. Karakanda S.Seyfullin adına Qazax Dram Teatrının bədii rəhbəri Dunay Yespayev isə təklif etdi ki, bu festivallar zamanı görkəmli teatr xadimlərinin iştirakı ilə ustad dərsləri keçirilsin.

T.Abdumomunov adına Qırğızıstan Akademik Milli Dram Teatrının direktoru Temirlan Smanbekov bizi teatrın noyabrın 1-də keçiriləcək 90 illik yubileyinə dəvət etdi. Həm də məlumat verdi ki, onların TÜRKSOY-un təklifinə əsasən hazırladıqları "Korkud Ata" ("Dədə Qorqud") tamaşasının premyerası bu ayın sonlarına təyin edilib.

Bilirsiniz ki, qaqauz teatrı çox gəncdir. Bu teatrın cəmi 19 yaşı var. TÜRKSOY çərçivəsində əməkdaşlığın ilk nəticəsi onların ürəyincə olub. Teatrın direktoru Mihail Konstantinov bildirdi ki, onlar artıq "Öldür məni, can-ciyər" tamaşası ilə beynəlxalq festivallara qatılmaq niyyətindədirlər. Qaqauz teatrına kömək göstərmək bizim borcumuzdur.

S.Niyazov adına Balkanabad (Türkmənistan) Vilayət Dram Teatrının direktoru Ovezmurat Turşekov isə bildirdi ki, indiyədək onların beynəlxalq əlaqələri olmayıb. Onlar TÜRKSOY xətti ilə rejissor və rəssam mübadiləsinə, digər türkdilli dövlətlərin yazarlarının əsərlərini tamaşaya qoymağa hazırdırlar.

Bu toplantıya ev sahibliyi edən Azərbaycana gəlincə, Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili belə bir təklif verdi ki, TÜRKSOY-un ortaq teatrı yaradılsın, həmin teatrda da təşkilat üzvü olan ölkə dramaturqlarının əsərləri oynanılsın. Belə bir teatrın yaradılması çox böyük maliyyə tələb etdiyi üçün, şura üzvləri ilə belə bir qərara gəldik ki, öz çalışmalarımızı hər hansı teatrın nəzdində belə bir teatr yaratmaq, müştərək layihə hazırlamaq istiqamətində qura bilərik.

Teatr direktorları şurası artıq neçə ildir ki, fəaliyyət göstərir. Bununla əlaqədar toplantıda ortaq bir loqonun qurulması barədə təklif də verildi. Bununla bağlı üzv ölkələrə müraciət edəcəyik.

Şəkidə TÜRKSOY Teatr direktorları şurasının 5-ci toplantısı keçirilib
Şəkidə TÜRKSOY Teatr direktorları şurasının 5-ci toplantısı keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *