10 günlük gəlinin ölümünün səbəbi məlum oldu
Zərdab rayonunda 10 günün gəlini olan Pərvanə Bulud qızı Zərbəliyevanın ölümünün bəzi təfərrüatları məlum olub.
AzNews.info aznews.az-a istinadən bildirir ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, gəlin qan xərçəngi olub.
“Pərvanə qoşulub qaçıb. Qızın ailəsi Pərvanənin xəstə olduğunu oğlan evindən gizlədib. Sentyabrın 5-də toyu olub. Toydan sonra Pərvanənin ağrıları artıb, temperaturu qalxıb. Ailə üzvləri onu müayinə üçün kənd həkiminə aparıb. Həkim gəlinə 3 ağrıkəsici vurub”,-deyə xəstəxanadan bildirilib.
Mənbənin sözlərinə görə, növbəti gün ağrılarının çoxaldığını görən gəlin özü-özünə ağrıkəsici vurub:
“Pərvanə bu ağrıkəsiciləri ayağından vurub. İynələr isə ona pis təsir edib və vəziyyəti daha da pisləşib. Gəlin xəstəxanaya daxil olanda rəngi ağappaq idi, özü də, sanki, lal olmuşdu, danışa bilmirdi. Həkim ona iynə vuranda dərisi qopurdu”.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.
Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, mərhum xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Mənbə:> AzNews.az