Kontent provayderlərin tələsi
İnkişaf edən texnologiyalar qarşısında tarixə qovuşmaq üzrə olan “SMS” xidmətləri Kontent provayderləri başqa yollara əl atmağa məcbur edir.
“WhatsApp”, “Viber” və s. platformaların imkanlarının genişlənməsi ilə bərabər, insanlar öz aralarında “Zəng” və “SMS” yerinə, “Messenger”ə üstünlük veriblər. Elə buna görədir ki, şirkətlər “müştəri harada, biz orada” prinsipi ilə internet kanalları üstündən (SEM, SMM) reklamlarını alıcılara çatdırmağa başlayıblar.
Nəticədə operatorlardan aldığı SMS xidmətlərini şirkətlərə sata bilməyən Kontent provayderlər gündən-günə gəlirlərini itirməyə başlayıb”.
Bu barədə Oxu.Az-a açıqlamasında Biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov deyib.
Onun sözlərinə görə, 2016-ci ilin birinci rübündə Azərbaycanda Kontent provayderlərin gəlirləri ötən ilin anoloji dövrü ilə müqayisədə 40-50% azalıb və bir çox mikroprovayderlər isə bağlanıb:
“Vəziyyətdən çıxış yolunu axtaran bəzi Kontent provayderlər təzə nömrə alanlara avtomatik şəkildə “hava durumu, valyuta, bürc” kimi xidmətlərə xəbərsiz abunə edirlər. Guya 1 həftəlik pulsuz xidmət verib, daha sonra isə “STOP” sözünü göndərməyənlərin balansından hər gün pul çıxmağa başlayırlar.
Bir çox müştəri telefonuna gələn mesajlara fikir vermir. Balansından pul tutulmağa başlayanda, operatorlarla əlaqə saxlayaraq problemin həll yolunu və pullarını geri qaytarılmasını tələb edirlər.
Əlbəttə ki, operatorlar məsələnin məsuliyyətini üzərinə götürməyib, müştərini problemin həlli üçün xidmətlərini toplu satdığı Kontent provayderlərə üz tutmağa yönləndirir. Bundan sonra sözün əsl mənasında, aləm bir-birinə dəyir”.
Mütəxəssis əlavə edib ki, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi vacibdir:
“Uzaqdan satışlar və elektron ticarət (mal və xidmətlər) haqqında inkişaf etmiş qanunvericiliyinin olmaması istehlakçıları çətin vəziyyətdə qoyub, amma istehlakçının məlumatsızlığından gəlir əldə edən Kontent provayderlər kassasını doldurmağa başlayıb.
Bununla kifayətlənməyən Kontent provayderlər müxtəlif “lotereya, idman, TV proqram” SMS abunəlik servislərinin reklamını hər gün abunəçilərin nömrələrinə göndərərək onları bezdirməyə başlayırlar.
Bəzi abonentlər səhvən gələn SMS-i bağlamaq əvəzinə, cavab düyməsini sıxıb servislərə abunə olublar. Səhvlik nəricəsində pulun geri qaytarılması tələb etdiklərində isə Kontent provayderlər müxtəlif bəhanələrlə bunu qəbul etməyiblər.
Çünki bu xidmətlərə qoşulan abunəçilər ilə Kontent provayderlər arasında heç bir yazılı müqavilə yoxdur. Məlumatsız istehlakçılar məcbur da olsa, bu vaxta qədər ödədikləri pulları provayderlərə bağışlayıb, bundan sonrası üçün abunəliklərini dayandırıblar.
Əslində isə elektron ticarət haqqında təkminləşdirilmiş qanunvericilik uzaqdan satılan mal və xidmətlər haqqında bütün məsələləri həll edə bilərdi. Belə olan təqdirdə, istehlakçılar qeyri-qanuni yolla abunə olduqları servislərdən pullarını və digər haqlarını asanlıqla geri ala biləcəkdilər.
Elektron ticarət haqqında qanunvericilik Avropa və Amerikada bütün istehlakçıları qoruduğu üçün istehlakçılar rahatlıqla “SMS”, bank kartları vasitəsilə hər bir xidmət və məhsulu güvənib alırlar.
Məsələn, Avropada, Amerikada Kontent provayderlərin abonentlərə icazəsiz reklam göndərməsi qadağandır. Niyə istehlakçıdan icazəsiz onun telefonuna reklam mesajı göndərib narahat etməlidir ki?!”.
Mənbə:> Oxu.Az