“Naviqator Mobile Services” şirkəti barəsində yazılanları təkzib etdi
“Naviqator Mobile Services” şirkəti mətbuatda onun adı ilə əlaqələndirilən məlumatın reallığı əks etdirmədiyini və ictimayətə qeyri-dəqiq bəyanatların verilməsinə görə məsuliyyət daşıyan media orqanlarından məhkəməyə müraciət edəcəyini bildirib.
Bu barədə Oxu.Az-a şirkətdən bildiriblər.
Məlumata görə, “Naviqator Mobile Services” məzmun hazırlayan və satışı ilə məşğul olan kontent və xidmət sahiblərinə yalnız texniki qoşulma və texniki dəstək xidmətini göstərir.
Abonentlərə WhatsApp vasitəsi ilə göndərilən mesaj və reklamlara şirkətin heç bir aidiyyatı yoxdur.
“Biz qısa nömrəinin təmin edilməsində, bildiriş mesajların çatdırılmasında, xidmətlərin texniki olaraq düzgün işləməsində texniki dəstək verən bir vasitəçiyik.
KİV-də yayılan xəbərlərdə yanlış məlumatın yayılması və məhz bizim şirkətin adına xələl gətirilməsi bizi çox məyus etdi.
Bəzi informasiya agentliklərində yayılan məlumatların tam və qərəzsiz araşdırma aparılmadan hazırlanması və ictimayətə ötürülməsi qəbuledilməzdir.
Şirkətin mənafelərini qorunması üçün məhkəmə orqanlarına və aidiyyatı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik” – şirkətin yaydığı bəyanatda belə yazılıb.
Qeyd edək ki, ötən gün bir sıra media orqanlarında yayılmış xəbərlərdə whatsapp mobil aplikasiya vasitəsilə göndərilmiş spam mesajlarda NMS-ə məxsus qısa nömrə qeyd edilmişdir.
Mənbə:> Oxu.Az