Mədəniyyət və Turizm Nazirliyi COMCEC-in Turizm üzrə İşçi qrupunun iclasında təmsil olunur
AzNews.info xəbər verir ki, 2016-cı ilin 1 sentyabr tarixində Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi qrupunun “Müsəlmanlar üçün nəzərdə tutulmuş turizm: İƏT üzvü ölkələrində müsəlmanlar üçün məhsulların və xidmətlərin inkişaf etdirilməsi və marketinqi” mövzusunda 8-ci İclas öz işinə başlamışdır.
İclasda müsəlmanlar üçün nəzərdə tutulmuş turizm sahəsində qlobal tendensiyalar, sahə üzrə turizm məhsullarının müxtəlifliyi və onların mümkün təbliğat mexanizmləri, üzv ölkələrin bu sahədə uğurlu təcrübələri və gələcək perspektivlər müzakirə olunur.
Tədbirdə COMCEC-ə üzv olan 13 ölkənin nazirliklərinin nümayəndələri, eləcə də “Crescent Rating”, “Halalinn”, “Dinar Standart” kimi beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak edir. Məlumat üçün bildiririk ki, sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev təmsil edir.
Mənbə:> AzNews.info