Bakı Zooloji Parkı kreativ dizaynerlər üçün müsabiqə elan edir
80 ildən artıq Bakı sakinləri və şəhərin qonaqlarının xidmətində olan Bakı Zooloji Parkında 2018-ci ildəki 90 illik yubiley ərəfəsində əsaslı yenidənqurma və bərpa işlərinin aparılması planlaşdırılır.
Bakı Zooloji Parkından Oxu.Az-a verilən məlumata görə, həyata keçiriləcək təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və qəfəslərin beynəlxalq standartlara uyğunlaşdırılması, ərazidə müxtəlif təyinatlı əyləncə obyektlərinin istismara verilməsi və s. nəzərdə tutulur. Eyni zamanda Zooloji Parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqənin təkmilləşdirilməsi məqsədilə yeni internet resursları, o cümlədən yeni internet səhifəsi və sosial şəbəkələrdə səhifələr yaradılacaq.
Yuxarıdakılarla yanaşı, Zooloji Parkın görkəminin dəyişilməsi ərəfəsində onun rəmzlərinin də müasir tələblərə uyğunlaşdırılması qərara alınıb. Bu xüsusda, Bakı Zooloji Parkı üçün yeni loqo dizaynı ilə bağlı müsabiqə elan edilir və vətəndaşlardan 1 noyabr tarixinə qədər öz təkliflərini bakuzoologo@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur (əlaqə nömrəsi – 0504902489).
Qalib dizayn dəyərli hədiyyə və pul mükafatı ilə təltif olunacaqdır. Həmçinin, yeni loqonun müəllifinin adının əks olunduğu lövhə Zooloji Parkda yerləşdiriləcək.
Bizə qoşulun və şəhərimizin sevimli məkanının bərpasına öz töhfənizi verin.
Mənbə:> Oxu.Az