Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb
Ölkənin cənub və şimal rayonlarında vərəm xəstəliyinə tutulma Bakı və digər mərkəzi şəhərlərə nisbətən çoxdur.
“Azərbaycanda 8 minə qədər vərəm xəstəsi qeydiyyatdadır. Onlardan 4 mindən bir qədər artığı yeni xəstədir”.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova deyib.
O bildirib ki, 2015-ci ildə ölkədə 100000 nəfərə 3,8 insan vərəmə görə həyatını itirib:
“Ağciyər xəstəlikləri, əsasən, vərəm xəstəliyi iqtisadi duruma bağlı xəstəlikdir. Biz iqtisadi cəhətdən yüksək vəziyyətdə olan ölkələrə yaxınlaşdığımız üçün vərəmə xəstələnmə, vərəmdən ölüm əhali arasında azalıb”.
Direktor müavini qeyd edib ki, son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb:
“2010-cu ildə 100 min nəfərə 53,5 xəstələnmə var idisə, 2015-ci ildə bu 100 min nəfərə 41,3-dək azalıb. Ümumilikdə ölkə üzrə ocaqlı vərəm formalarının artması, infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə müşahidə olunur”.
İ.Axundova onu da qeyd edib ki, son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması müşahidə olunur. Vərəm və ağciyər xəstəliklərinə əsasən, 20 yaşdan 40 yaşa qədər insanlar tutulur.
İ. Axundova qeyd edib ki, 2010-cu ildən vərəmli xəstələrin dərmanla təchizatını dövlət üzərinə götürüb:
“2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin müalicəsi üçün lazım olan dərman preparatları dövlət tərəfindən təchiz olunur və xəstələr tam pulsuz müalicə olunurlar. Hazırda Dövlət Proqramı çərçivəsində dərmana davamlı vərəmli xəstələrə xidmət göstərən müasir standartlara cavab verən 3 mərkəz - 6 saylı, 8 saylı və 9 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanaları istifadəyə verilib”.
Mənbə:> APA