Hansı banklar QHT-lər üçün əngəllər yaradır? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hansı banklar QHT-lər üçün əngəllər yaradır?

Hansı banklar QHT-lər üçün əngəllər yaradır?

“Onlar qeyri-hökumət təşkilatları ilə işləməkdə maraqlı deyil”.

“Bəzi banklar qeyri-hökumət təşkilatlarına (QHT) bank hesabı açmaq üçün problemlər yaradır və şərtləri çətinləşdirirlər. Belə ki, onlar hesab açmaq üçün 100-200 manat və əlavə aylıq haqq istəyirlər. Halbuki fiziki şəxşlər hesab açmaq istədikdə onlar bir, iki manat ödəyirlər və yaxud bu xidmət pulsuz olur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Faiq Hüseynov deyib.

Onun sözlərinə görə, o, bu problemlər ilə “Bank Respublika” və “Yapı Kredi Bank”ın Yasamal filialında, “AccsessBank”ın isə baş ofisində üzləşib.

F.Hüseynov qeyd edir ki, ondan bank hesabı açmaq üçün əlavə sənədlər tələb edirlər və bildirirlər ki, bu vəsait necə gəlib, haradan gəlib və s.

“Yapı Kredi Bank”dan isə bildirdilər ki, bizdə belə bir qayda var ki, banka qoymaq istədiyiniz vəsaitin mənbəyi öyrəniləcək, araşdırma aparılacaq və bundan sonra, sizə müştəri hesabı veriləcək. Bizim lisenziyası ləğv etməkdə olan “Parabank” da bank hesabımız var idi, amma heç vaxt belə bir problem ilə rastlaşmamışdıq”, - deyə birliyin sədri bildirib.

O, qeyd edib ki, bank işçilərinin özləri də yeni qaydanı izah etməkdə çətinlik çəkirlər:

“Bu məntiqəuyğun olmayan qaydalardır. Maraqlısı odur ki, “Bank Respublika” fiziki və hüquqi müştərilərinə açıq-aydın bildirir ki, kimlər pulsuz, kimlər isə yalnız 1 və 2 manat ödəməklə bank hesabı aça bilər. Amma QHT-lərə gəldikdə isə onların qarşısında şərtlər qoyurlar. Bu isə o deməkdir ki, bəzi banklar bilərəkdən bizimlə işləməkdə maraqlı deyil”.

F.Hüseynov qeyd edib ki, banklar kommersiya qurumudur və onlar üçün fərq etməməlidir ki, kimlər ilə işləyirlər. Onların işi pul qazanmaqdır. Elə şərtlər qoyurlar ki, deməli, bunu onlardan kimsə tələb edir.

Onun sözlərinə görə, əgər banklar şərtlərini dəyişməzsə, biz QHT-lər onlar ilə işləməkdən imtina edəcəyik.

Oxu.Az bu məsələnin hüquqi tərəfini də araşdırmaq məqsədilə hüquqşünas Oqtay Məhərrəmov ilə əlaqə saxlayıb.

Hüquqşünasın sözlərinə görə, QHT-lər üçün daha baha xidmət tariflərinin tətbiqi anlaşılmazdır:

“Banklar tərəfindən QHT-lər üçün hesabların açılması zamanı Mərkəzi Bankın təsdiq etdiyi “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nda nəzərdə tutulmuş sənədlər tələb edilməlidir. Bu zaman ciddi bir problemin olmaması qənaətindəyəm.

Son dövrlərdə qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra QHT-lərin bank hesabları üzrə qrant verilməsi və ya alınması ilə bağlı əməliyyatlar yalnız qrant verilməsi və ya alınması haqqında hər bir müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən sənəd təqdim olunduqda mümkündür.

Banklar bu tələbə və ümumiyyətlə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə əsasən, QHT-lərin monitorinqi üzrə nəzarət tədbirləri çərçivəsində aparılan əməliyyatların sağlamlığı barədə sənədlərin tələb edilməsinə ciddi riayət edirlər.

QHT-lər ilə banklar arasında son dövrlərdə müşahidə olunan problem bank xidmətləri tariflərinin tənasübsüz şəkildə artırılmasıdır. Maliyyə vəziyyəti və imkanları çox olan kommersiya təşkilatları ilə müqayisədə əsas məqsədi gəlir götürmək olmayan QHT-lər üçün daha baha xidmət tariflərinin tətbiqi anlaşılmazdır”.

O.Məhərrəmov bildirir ki, banklar xidmət haqqını artırırsa, bunu hüquqi cəhətdən əsaslandırmalıdır:

“İqtisadi-maliyyə əsaslandırması olmadan eyni xidmət üçün kommersiya təşkilatına nisbətdə qeyri-kommersiya təşkilatına dəfələrə baha qiymət tətbiqi diskriminasiya xarakteri daşıyır. Bu halda banklar sərbəst qiymət qoymaq hüquqlarından sui-istifadə etmiş olurlar.

Dünya təcrübəsində çoxsaylı güzəştlər və ya imtiyazlar təmin edilən QHT-lər üçün əsaslandırmadan kənar belə sərbəst tarif siyasəti hüquqi cəhətdən ayrı-seçkilikdir və qeyri-məqbul praktikadır. Banklar ya belə tarif siyasətlərini əsaslandırmalı, ya da ki hüquqi şəxslər üçün bərabər şərtləri bərpa etməlidirlər”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *