Bakı sakinləri haradan geyim almağa üstünlük verirlər?
Paytaxtda sorğu keçirilib.
“ACT Azərbaycan” iyulun 17-21 iyul tarixləri arasında Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir.
Oxu.Az-a şirkətdən verilən məlumata görə, əksər respondentlər geyim almaq üçün bazarlara üz tutur (70%). Alış-veriş mərkəzləri 39% səslə ikinci yerdə qərarlaşıblar.
Bahalı butiklərə gedənlər isə 13,4% səslə üçüncüdülər. Alış-veriş mərkəzlərindən kənarda yerləşən mağazalardan geyim alanlar isə 10% təşkil edir. Onlayn alış-veriş edənlər 7,8% səslə sıralamaya qoşulublar. Bazarlıq üçün xaricə üz tutanlar isə 4%-dir.
Geyim almaq üçün bazarlara üz tutanlar, əsasən, yaşlı nəslin nümayəndələridir. Belə ki, 65 yaş və daha çox yaşı olanlar (89,4%) geyim almaq üçün bazarlara gedirlər. Gənc nəslin nümayəndələri isə (18-24 yaş), əsasən, alış-veriş mərkəzlərinə (36,4%) üz tuturlar. Orta nəslin nümayəndələri (35-44 yaş) geyim almaq üçün ya butikləri (10,2%), ya da xarici ölkələri (8,5%) seçirlər.
Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər ayaqqabı almaq üçün bazarlara üz tutur (65,3%). Alış-veriş mərkəzlərini seçənlər 32,7% təşkil edir. Bahalı butiklərdən ayaqqabı alanlar 13,6%-dir. Alış-veriş mərkəzlərindən kənarda yerləşən brend mağazaları isə respondentlərin 11,4%-i seçir.
Ayaqqabılarını onlayn şəkildə alanlar respondentlərin 5,8%-ni təşkil edir.
Bazarlardan ayaqqabı alanlar yaşlı nəslin nümayəndələridir. 65 və daha artıq yaşı olan respondentlər ayaqqabı almaq üçün bazarlara daha cox gedirlər (89,4%). Gənclər isə (18-24 yaş) alış-veriş mərkəzlərini (31%) və mollardan kənarda yerləşən brend mağazaları (7,5%) daha münasib bilirlər.
İnternetlə ayaqqabı alanlar isə əsasən 18-34 yaş aralığında olan respondentlərdir. Butiklərdən (12,4%) və xarici ölkələrdən (8,5%) ayaqqabı alanlar isə 35-44 yaş aralığında olan sakinlərdir.
Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.
Mənbə:> Oxu.az