BMT: Onlayn ticarətin həcmi 15 trilyon dollara çatıb
Elektron ticarət şirkətlərin istehsal gücünə və rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
ANS PRESS-in məlumatına görə, bu sahədə Avropanın kiçik dövlətləri liderlik edir. Cənubi Asiya dövlətləri iqtisadiyyatı inkişaf edən dövlətlər arasında liderlər arasındadır, əhalisinin sayı çox olan ölkələr, o cümlədən Braziliya, Çin və Rusiya isə onlayn-rejimdə satınalmaların miqyasına görə yaxşı rəqəmlər nümayiş etdirirlər. Bu barədə AzərTAc xəbər verir.
Bu haqda BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) ekspertləri informasiya iqtisadiyyatı sahəsində meyillər haqqında yeni məruzələrində yazıblar. Onların məlumatına görə, “biznesdən alıcıya doğru” elektron ticarətin illik dövriyyəsi 1,3 trilyon dollar təşkil edir. Bu, şirkətlər arasında 15 trilyon dollara çatan elektron ticarətin göstəricisindən xeyli azdır. Bununla belə, onlayn-ticarətin məhz bu növü, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ildırım sürəti ilə inkişaf edir. Gözlənildiyinə görə, 2018-cu il üçün qlobal elektron ticarətin 40 faizi inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin payına düşəcək, inkişaf etmiş ölkələrin payı isə azalaraq 70 faizdən 60 faizə enəcək.
UNCTAD-ın nümayəndəsi Torbörn Fredrikson deyib: “İnternet alveri istehlakçılara bir sıra üstünlüklər verir: insanın seçim imkanları genişlənir; o, daha ucuz qiymətə mal tapır; seçdiyi malı istədiyi vaxt ala bilir; malı poçtla düz alıcının evinə çatdırırlar”.
Ekspertlərin məlumatına görə, təkcə ABŞ-da elektron ticarətin gəlir payı 2002-ci ildəki 19 faizdən artaraq 2012-ci ildə 50 faizə çatıb. Doğrudur, hələlik istifadəçilər İnternetdən alış-veriş üçün deyil, daha çox sosial şəbəkələrdə yazışmaq üçün istifadə edirlər. Rusiyada bu göstəricilər müvafiq olaraq 40 və 82 faiz təşkil edir. Yalnız Almaniya, Böyük Britaniya və ABŞ-da internetdə alış-veriş sosial şəbəkələri üstələyib. Qlobal miqyasda onlayn-ticarətdə Lüksemburq, Norveç, Finlandiya, Kanada və İsveç liderdir. Keçid iqtisadiyyatlı ölkələr kateqriyasında birinci yeri keçmiş Yuqoslaviyanın tərkib hissəsi olan Makedoniya Respublikası tutur, onun ardınca Serbiya gəlir, lider ölkələr üçlüyünü Rusiya tamamlayır.
Mənbə:> ANSPRESS