Azərbaycan 8 pillə irəlilədi
Azərbaycan ən çox islahat aparan ilk 10 ölkə sırasında yer alıb.
ANS PRESS-in məlumata görə, bu barədə Dünya Bankı tərəfindən hazırlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2015" hesabatında qeyd edilib. 189 ölkənin biznes mühiti haqqında 2013-cü ilin iyun ayından 2014-cü ilin iyul ayınadək olan dövrü əhatə edən hesabatda Azərbaycanın mövqeyi 8 pillə yaxşılaşıb.
Biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyi daha da yaxşılaşdıran Azərbaycan "Doing Business 2015" hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-cidir. Belə ki, hesabatda Azərbaycanın 3 indikator üzrə ("Əmlakın qeydiyyatı", "Biznesə başlama" və "Vergilərin ödənişi") həyata keçirmiş islahatlar xüsusilə qeyd olunub. "Biznesə başlama"da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, "Əmlakın qeydiyyatı"nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, "Vergilərin ödənişi"ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanıb.
Azərbaycanda 2007-ci ildən başlayaraq ardıcıl şəkildə 9 indikator ("Biznesə başlama", "Tikinti icazələrinin alınması", "Əmlakın qeydiyyatı", "Kreditlərin alınması", "İnvestorların maraqlarının qorunması", "Vergilərin ödənişi", "Müqavilələrin icrası", "Xarici ticarətin aparılması" və "İşçilərin işə qəbulu") üzrə reallaşdırılan 19 islahat "Doing Business" hesabatlarında öz əksini tapıb.
Ötən ilki hesabatla müqayisədə bir çox göstəricilər üzrə Azərbaycanın mövqeləri yaxşılaşmışdır. Belə ki, ölkəmiz "Vergilərin ödənilməsi" göstəricisi üzrə 44 pillə, "Tikinti icazələrinin alınması" üzrə 30 pillə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" üzrə 22 pillə, "Əmlakın qeydiyyatı" üzrə 3 pillə, "Xarici ticarətin aparılması" üzrə 2 pillə irəliləyib.
"Doing Business" hesabatın əsas göstəricisi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 64.08-ə yüksəlib ki, (əvvəlki hesabatda 61.53) bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsinin daha bir təsdiqidir.
Mənbə:> ANSPRESS