“Sədərək” bağlanmaq təhlükəsi ilə üz-üzə: Alış-veriş “öldü”
“Sədərək” Ticarət Mərkəzində çalışan sahibkarların çoxu dolların qiymətinin qalxmağı ilə əlaqədar olaraq, ticarəti dayandırmaq məcburiyyətində qalıb.
AzNews.info-nun məlumatına görə, satıcılardan Taleh Həsrətbəyli bununla bağlı SalamNews-a bildirib ki, bu gün səhər saatlarında dolların məzənnəsi qalxdığı üçün məhsulların qiyməti də qalxıb:
“Buna görə də satışı dollarla həyata keçirməyə başladıq və bütün məhsulların qiymətini 35% artırdıq. Lakin çox çəkmədən bu qiymət artımının çıxış yolu olmadığını görüb, satışı dayandırmaq qərarına gəldik”.
Sahibkarın sözlərinə görə, hazırda “Sədərək” Ticarət Mərkəzində satış obyektlərinin çoxu bağlanıb:
“Müştərilər qiymətlərin bahalaşdığını görərək, bazarı tərk edirlər. Topdansatış həyata keçirən sahibkarlar ticarəti tamamilə dayandırmalı olublar”.
Bəzi sahibkarlar isə bazar ertəsinədək, yəni Mərkəzi Bankın valyuta məzənnəsinin dəyişəcəyi ilə bağlı hər hansı bir qərar verəcəyi ehtimalı ilə gözləməyi qərara alıblar:
“Mərkəzi Bank hansı qərarı versə, sahibkarlar da ona uyğun addım atacaqlar, yəni valyuta qalxsa, qiymətlər də bahalaşacaq”.
T.Həsrətbəyli, həmçinin bildirib ki, Ticarət Mərkəzinin rəhbərliyi sözügedən məsələ ilə bağlı olaraq, icarə haqlarının artırılmayacağını bildirib.
Mənbə:> SalamNews.az