Məktəbli formasının qiyməti qalxdı
“Bakı Tikiş Evi”nin (BTE) tikdiyi məktəbli formasının qiyməti 8,5% bahalaşıb.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, bu məlumatı BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.
E.Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manat idi:
“İndi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-dən 54 ölçüyədək qiymət 43 manat idi.
İndi 32-54 ölçüyədək qiymət 46 manatadək artıb. Qeyd edim ki, bu qiymətə məktəbli forması dəstinə pencək-şalvar və ya pencək-ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olmayaraq 7 manata, jiletlər isə 6 manata satılacaq”.
E.Əzimov məktəbli formalarının ilboyu satışda olduğunu söylədi. Onun sözlərinə görə, məktəbli formasının BTE-nin paytaxtda, eləcə də Abşeron rayonunda, Xırdalanda, Saray və Mehdiabad qəsəbəsində, Sumqayıtdakı mağazalarda yeni qiymətlərlə satışına başlanıldığını söyləyib.
E.Əzimov bildirdi ki, məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 nömrəli “qaynar xətt”inə zəng edərək məlumat verə bilərlər.
Mənbə:> Oxu.Az