Bakıda saxta məktəbli formaları tikilir – FOTO
Bakı şəhərində saxta məktəbli formaları istehsal edən müəssisə aşkar edilib.
Bu barədə Oxu.Az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2 ünvanında yerləşən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus məktəbli formalarının tikişi ilə məşğul olan müəssisədə dövlət nəzarəti həyata keçirilib.
Araşdırma zamanı məlum olub ki, “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlər təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarılır.
Belə ki, istehsal texnoloji təlimat olmadan həyata keçirilir, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Müəssisə laboratoriya ilə də təmin olunmayıb və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur.
Müəssisə həmçinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə təmin olunmayıb. Müəssisədə "Bakı Tikiş Evi" MMC yə məxsus "BTE" əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli