IV Ağıl Oyunları Festivalının seçim turları keçirilir
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycanın ilk anadilli klubu olan Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə IV Ağıl Oyunları Festivalının seçim turları təşkil olunur.
Oxu.Az xəbər verir ki festivalın keçirilməsində əsas məqsəd Azərbaycan Gənclər siyasətinin önəmli istiqamətlərindən biri olan intellektual hərəkatın inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili, regionda intellektual potensialın gücləndirilməsi, gəncləri pis vərdişlərdən çəkindirməkdir.
Təşkilat komitəsinin sədri Seymur Teymurovun verdiyi məlumata görə, festival çərçivəsində Bakı və regionlarda seçim turlarının təşkilinə start verilib.
Artıq Quba, Şamaxı, Şəki, Gəncə, Mingəçevir, Qazax, Naxçıvan, Beyləqan, Lənkəran və Bakının ali təhsil ocaqlarında seçim turlarına yekun vurulub.
Seçim turlarında 200-dən çox komanda iştirak edib. Yaxın zamanda İsmayıllı, Şəmkir, Biləsuvar və digər rayonlarda da seçim turları təşkil ediləcək.
Layihənin seçim turları bitdikdən sonra final mərhələsi təşkil olunacaq. Final mərhələsində regionlar da daxil olmaqla 60-dan çox komanda iştirak edəcək.
Final mərhələsinin ilk günündə “Nə? Harada? Nə zaman?” oyunu təşkil olunacaq.
Günün yekununda ən yaxşı nəticə göstərəcək 8 komanda və region komandları arasında ilk dördlüyə sahib olacaq komandalar növbəti gün keçiriləcək “Breyn Rinq” oyununa vəsiqə qazanacaqlar.
Region komandaları arasında ən yaxşı nəticə göstərəcək komanda isə “Regionlar Kuboku”na yiyələnəcək. Qalibləri diplom, medal, kubok və hədiyyələr gözləyir.
Final Bakı şəhərində 25-26 iyun tarixində “Kempinski Hotel Badamdar”da keçiriləcək.
Qeyd edək ki, Xəzər İntellektual Gənclər Klubu bu il 15 yaşını qeyd edir. 2016-cı il ərzində təşkil olunacaq turnirlər yubiley ili çərçivəsində keçiriləcək.
Mənbə:> Oxu.Az