Qazaxıstanda atışma: Ölən və yaralananlar var – VİDEO (YENİLƏNİB)
Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev bildirib.
Onun sözlərinə görə, digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
17:29
Qazaxıstanın Aktobe şəhərində naməlum şəxslərin hərbi hissəyə hücumu zamanı iki hərbi qulluqçu öldürülüb. Bundan əvvəl cinayətkarlar iki silah mağazasını qarət ediblər və bir satıcını qətlə yetiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Tengrinews nəşrinə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almas Sadubayev deyib.
“Aktobe şəhərində naməlum şəxslər “Pallada” silah dükanına hücum edərək satıcını öldürüblər, daha bir nəfər isə yaralanıb. Yaraqlılar şəhərdə daha bir silah mağazasını qarət etdikdən sonra Milli Qvardiyanın hərbi hissəsinə hücum çəkiblər. Atışma zamanı bir zabit və bir müqaviləli hərbi qulluqçu öldürülüb. Doqquz hərbiçi yaralanıb”, - Sadubayev bildirib.
Onun sözlərinə görə, hücum edən şəxslərdən üçü güllələnib, daha biri isə saxlanılıb.
“Hazırda bir neçə cinayətkar mühasirəyə alınıb, daha bir neçə yaraqlı isə qaçmağa müvəffəq olub”, - o deyib.
Qeyd olunur ki, atışma şəhərin bir neçə rayonunda eşidilib. Ümumilikdə atışma zamanı 20 şəhər sakinin xəsarət aldığı bildirilir.
Mənbə:> Oxu.Az