Nazir Bakıda tarixi binaların sökülməsindən danışdı
Əslində şəhər inkişaf edir. Tarixi abidələr isə sökülmür, müvafiq qaydalara uyğun olaraq qorunur. Ancaq orada elə binalar var ki, mütəxəssislərin rəyi və nazirliyin qərarı ilə onların adı qorunan binaların siyahısından çıxarılıb.
AzNews.info xəbər verir ki, bunu “Sovetski” adlanan qədim məhəllədə tarixi abidələr siyahısında olan binaların qorunan obyektlər siyahısından çıxarılması və sökülməsi ilə bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Yeni Müsavat”a açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, sökülmə prosesindən əvvəl Elmlər Akademiyasının mütəxəssisləri, Fövqəladə Hallar Nazirliyinin müvafiq tikintiyə nəzarət şöbəsinin işçiləri o binalara baxış keçiriblər, sonradan bu qərar qəbul olunub.
“Bu, göydəndüşmə və ya birdən-birə kiminsə ağlına gələn qərar deyil. Onların sırasında elə binalar da var ki, artıq dayanıqlığını itirib, ancaq onların bəzi elementləri memarlıq baxımından əhəmiyyət kəsb etdiyindən, xüsusi qrupun nəzarəti altında çıxarılacaq, sistemləşdiriləcək və onlar ayrıca bir yerdə saxlanılacaq.
Hələ ki biz bunu belə nəzərdə tutmuşuq. Orada söküntü prosesi bitib, tikinti layihələri, inkişaf başlayanda həmin elementlərin bu ərazidə və ya ayrıca bir yerdə saxlanılması, hansısa binalarda istifadə olunması, onların haqqında ayrıca məlumatların yazılması və çatdırılması, o binaların fotolarının qoyulması (yəni vaxtilə bu yerdə belə bir bina var idi), bununla yanaşı olaraq müvafiq elementlərin də göstərilməsi nəzərdə tutulur”, - deyə, nazir bildirib.
Ə.Qarayev qeyd edib ki, mütəxəssislər o binaların içinə də baxıblar, dayanıqlığını yoxlayıblar.
“Bu, bir günün prosesi deyil. Bu məhəllədə (“Sovetski”) olan şəraitlə hamımız tanış idik, bütün Bakı sakinləri oranın vəziyyətini kifayət qədər tanıyırdı. Bu ziddiyyətlər hər yerdə var, hər zaman da olacaq.
Çünki yeniliklər gəlir, nəqliyyat sistemi inkişaf edir, belə qərarların çıxarılmasına ehtiyac olur. Yenə də təkrar edirəm, mən özüm də, mütəxəssislərimiz də hər binanın aqibətinə çox böyük hörmətlə və məsuliyyətlə yanaşırıq. Harada imkan varsa, çalışırıq orada heç nə sökülməsin.
Yeri gəlmişkən, bir məsələyə toxunmaq istəyirəm. Məlumat gedir, guya Memarlar İttifaqının binası da söküləcək. Kimdir onu sökən?!
O elə binadır ki, sökülməsi heç kimin ağlına da gələ bilməz. Ancaq bir-iki bina var idi ki, girişi gözəl idi, lakin siz onun içini, yan və arxa hissəsini, çat vermiş divarlarını görsəydiniz, deməzdiniz ki, burada yaşamaq mümkündür”, - deyə, nazir bəyan edib.
Həmin binaların bərpa olunması imkanları barədə sualı cavablandıran nazir Qarayevin sözlərinə görə, o binaları ki, bərpa etmək olar, onların üzərində ayrıca bir layihələndirmə gedəcək və bərpa olunacaq:
“Bu, indinin söhbəti deyil. Biz sabah da, birigün də belə faktlarla rastlaşacağıq. Bu, daimi prosesdir. Sabah başqa bir yerdə inkişaf gedəcək və orada hansısa problem ortalığa çıxacaqsa, siyahıda olan binanın sökülməsi gündəmə gələcək.
Yenə onun üzərində də mübahisə gedəcək, fikir mübadiləsi aparılacaq, mütəxəssislər yoxlayacaq. Bu proses həmişə gedəcək. Bu, təkcə Bakıda yox, bütün dünyada gedən prosesdir”.
Mənbə:> Musavat.com