Dünya ölkələri təhsilin təminatı üzrə xüsusi fond yaradır
İstanbulda Dünya Humanitar Sammitində yeni “Təhsil gözləmir” fondunun yaradılması elan edildi.
Oxu.Az BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, fondun məqsədi fövqəladə hal və uzun sürən böhran şəraitində olan uşaqların və gənclərin təhsili ilə bağlı layihələrin maliyyələşdirilməsini təmin etməkdir.
BMT-nin Uşaq Fondu (UNICEF) yaxın beş il müddətində fövqəladə humanitar vəziyyətdə - münaqişə, təbii fəlakət və digər böhran vəziyyətində olan 13,6 milyon uşağa təhsil sahəsində yardım etmək üçün fonda 3,85 milyard dollar toplamaq niyyətindədir.
Bu gün ümumlikdə məktəb yaşlı uşaqların təxminən dörddə biri – 462 milyonu fövqəladə humanitar vəziyyətdə yaşayır.
Vətəndaş müharibələrinə meydan olan, təbii fəlakətlərə və digər böhranlara məruz qalmış ölkələrdə üç yaşından 18 yaşına qədər 75 milyondan çox uşağın təhsil sahəsində təcili yardıma ehtiyacı var.
Mənbə:> Oxu.Az