Təhsildə daha bir yenilik – VİDEO
Təhsil naziri Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalayıb. Əmrə əsasən, əlilliyi olan, sağlamlıq imkanları məhdud uşaqların, ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması nəzərdə tutulur. Nazirlikdən verilən məlumata görə, pilot layihənin həyata keçirilməsində əsas məqsəd, bu təhsil formasının Azərbaycanda, milli modelini yaratmaqdır.
Eyni zamanda pilot müəssisələrdə loqopedik xidmətin olması da nəzərdə tutulub. Bu mərkəzlərdə, sağlamlıq imkanları məhdud olan uşaqların inkişafı, cəmiyyətə inteqrasiyası, biliklərinin artırılması, həmyaşıdları ilə ünsiyyətə və adaptasiyasına, diqqət yetiriləcək.
“Təbii ki, bu model sınaqdan uğurla keçərsə, bunun Azərbaycan üzrə tətbiqi nəzərdə tutulur. Hələliksə Bakının Nizami rayonunda yerləşən 220 saylı və Xətayi rayonunda yerləşən 138 saylı orta məktəblər pilot məktəblər olaraq seçilib. Bu layihədə hər iki məktəbin yalnız birinci sinif şagirləri iştirak edəcəklər. Və hər bir sinifdə də bu layihəyə sağlamlıq imkanları məhdudu olan üç uşaq cəlb olunacaq”, – deyə Təhsil Nazirliyinin De- İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov bildirib.
Xatırladaq ki, “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi”, BMT-nın Uşaq Fondu (UNİCEF) tərəfindən maliyyələşdiriləcək. Və Azərbaycanda ilk dəfə olaraq təhsil müəssələrində tədbiq olunacaq.
Mənbə:> ANSPRESS