Dərs ili uzadıldı - RƏSMİ
Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qərarının yerinə yetirilməsi ilə əlaqədar əmr imzalayıb.
AZXEBER.COM xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrdə qeyd olunub ki, tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiq olunub, həyata keçirildiyini nəzərə alaraq “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunacaq.
Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin etməlidirlər.
Tapşırılıb ki, Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etsin, Tədris resursları şöbəsi (F.Şahbazlı) qeyd olunan dəyişiklikləri dərslik hazırlığı ilə bağlı məsələlərin həllində nəzərə alsın.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Mənbə:> AZXEBER.COM