İnetrnat məktəbi ləğv olundu
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi ləğv olunub.
Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, məktəbin 40 nəfər şagirdi ailələrinin himayəsinə qaytarılıb, xüsusi siniflərdə təhsil alan şagirdlərin təhsillərini digər internat məktəbində davam etdirməsi təmin olunub. Tərbiyəçi-müəllimlərin isə həmin müəssisədə işlə təmin olunması nəzərdə tutulub.
Növbəti illər ərzində daha bir neçə bu tip müəssisənin fəaliyyətinə yenidən baxılması və onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır.
Prezident tərəfindən 2006-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramında (2006-2015-ci illər)” bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub.
Bu vəzifələrdən biri də dövlət uşaq müəssisələrinin şəbəkəsinə yenidən baxılması, onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi, tədricən yerlərdə ailə əsaslı sosial xidmətlər sisteminin yaradılmasıdır. Bu məqsədlə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub.
Dövlət Proqramına və Baş Plana əsasən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 13 internat məktəbi artıq ləğv edilib. Bununla yanaşı yerlərdə bu müəssisələrə alternativ olan xidmətlərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, Bakı şəhərinin Xəzər rayonunda ailə tipli kiçik qrup evi yaradılıb və hazırda fəaliyyət göstərir, digərinin isə Lənkəran şəhərində tikintisi davam etdirilir. Bu tədbirlər planına uyğun olaraq 2 günərzi qayğı və 4 reabilitasiya mərkəzi də yaradılıb.
Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyi 7 yaşlı Nahid Cavadovun döyülərək xəsarət alması ilə gündəmə gələn 7 saylı internat məktəblə bağlı araşdırmalara başladığını açıqlamışdı.
Mənbə:> ANSPRESS