“Yol” jurnalının 10 illik yubileyi qeyd olunub - FOTO
AzNews.info xəbər verir ki, Nəşrin təsisçisi Lalə Kazımova on il ərzində jurnalın əhatə etdiyi mövzulardan söhbət açıb. Bildirib ki, bu müddətdə jurnalın 56 nömrəsi çap edilib. Bu nömrələrdə yer alan elmi-kütləvi, bədii, publisistik, memuar xarakterli materiallarda müstəqil ölkəmizin keçmişinə və bu gününə işıq salınıb. Bununla yanaşı, jurnalda müntəzəm olaraq xarici ölkələr və şəhərlər, onların tarixi, mədəniyyəti haqqında da məqalələr dərc edilir. Təqdirəlayiqdir ki, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda çap olunan, dünyanın milli, mədəni müxtəlifliyinə böyük marağı ilə fərqlənən və bütöv formatı ilə tolerantlığa xidmət edən rusdilli jurnalın yubileyi ölkəmizdə elan olunmuş multikulturalizm ilinə təsadüf edir.
Üçüncü nömrəsindən başlayaraq bu günə kimi jurnalın baş redaktoru Flora Nacidir.
Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli jurnalın 10 yaşının tamam olması münasibətilə kollektivi təbrik edib, jurnalın yolunun qədim yurdumuz Qarabağa, Şuşaya düşəcəyi günün yaxında olduğunu söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov həmkarlarını təbrik edib, təmsil etdiyi qurumun adından “Yol” jurnalının kollektivini Mətbuat Şurasının Fəxri diplomu ilə təltif edib.
Sonra təbdir iştirakçıları nəşrin fotoqrafı Emil Xəlilovun yubileyə həsr etdiyi “Təbiətin çalarları” adlı fotosərgi ilə tanış olublar.
Sərgi mayın 23-dək davam edəcək.
.
Mənbə:> AzNews.info