Bulvarda “Yarışa 1 ay qaldı” adlı tədbir keçiriləcək
Dənizkənarı Bulvarda yerləşən Formula 1 Əyləncə Zonasında 21 may 2016-cı il tarixində, saat 16:00-da “Yarışa 1 ay qaldı” adlı tədbir baş tutacaq.
AzNews.info xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa Qran Prisinin elçilərindən əməkdar artist, bəstəkar Tünzalə Ağayeva, Formula 1 üzrə idman şərhçisi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, əməkdar artist Murad Dadaşov iştirak edəcək.
Tədbir zamanı Formula 1 Avropa Qran Prisinin elçiləri sevənləri ilə görüş keçirəcək və iştirakçılara avtoqraflar təqdim edəcəklər.
Bununla yanaşı, Avropa Qran Prisinin ulduz elçisi Tünzalə Ağayeva Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışına həsr etdiyi mahnını məhz bu tədbir zamanı ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, tədbirdən əvvəl Red Bull şirkəti tərəfindən mini trek yarışı keçiriləcək və yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi baş tutacaq
Mənbə:> AzNews.info