Fernando Alonso Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olundu
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin nəzərinə çatdırır ki, Formula 1 üzrə Dünya Çempionatının ikiqat qalibi və hal-hazırda McLaren Honda komandasının heyətində yarışan pilot Fernando Alonso bu gün 2016 Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi seçilib.
AzNews.info xəbər verir ki, Fernando Alonso Formula 1 tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çemiponu tituluna yiyələnib, 32 dəfə Qran Pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podyuma çıxıb.
F.Alonso, eyni zamanda, bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran Pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. O, 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran Pri yarışı daxil olmaqla məhz bu Qran Pri yarışlarında ümumilikdə 3 dəfə birincilik əldə edib.
Rəsmi elçi kimi fəaliyyətə başlayan Alonso, 8-9 mart tarixlərində Bakıya ikigünlük səfər edəcək. Beləliklə, o, Bakıya səfər edəcək ilk Formula 1 pilotu kimi, tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək. Səfər zamanı ispaniyalı pilot, ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və gözoxşayan mənzərəyə sahib şəhər trekində bu yay baş tutacaq yarışlarda McLaren komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək. Bununla yanaşı, Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə də görüşəcək.
Məşhur Formula 1 pilotu, rəsmi elçi seçilməsi xəbərinə belə münasibət bildirib: “2016 Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi seçildiyim üçün çox şadam. Bakıya səfər edəcək və yeni trekin xüsusiyyətlərini incələyəcək ilk Formula 1 pilotu olmaq mənim üçün böyük şərəfdir. Bu şəhər haqqında indiyədək xeyli maraqlı məlumat eşitmişəm və oxumuşam. Odur ki, onu əyani şəkildə görməyi səbirsizliklə gözləyirəm. Karyeram ərzində üç dəfə Avropa Qran Pri yarışının qalibi olaraq, bu yeni və gözəl məkanda keçiriləcək eyni adlı yarışın Formula 1-in təqviminə yenidən əlavə olunmasını təbliğ etməyim məqsədəuyğun hesab olunmalıdır. Əslində, Avropa Qran Prisinin Valensiyada keçirilən ən son yarışında qələbə qazanmaq üçün dəf etdiyim yol məni məhz bu yarışa mənəvi olaraq ömürlük bağlayıb. Əminəm ki, şəhər treki hər bir sürücü üçün həmişə həyəcanverici və çətin olub. Əldə etdiyim məlumatlara əsasən bu trekin də həmin cəhətdən istisna olmayacağını nəzərə alaraq deyə bilərəm ki, rəqiblərim də Bakıda keçiriləcək yarışı texniki cəhətdən çox bəyənəcəklər”.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bugünkü xəbərdən öz məmnunluğunu belə ifadə edib: “Biz bu xəbərə görə həddindən artıq sevincliyik və Fernandonu gözəl şəhərimizdə qarşılamağı və onun Avropa Qran Prisini Formula 1-in digər yarışlarından fərqləndirəcək cəhətləri ilə dünya ictimaiyyətinə təqdim etməyi səbirsiziklə gözləyirik. Biz, trekdə tikinti işlərinin gündəlik olaraq sürətlə davam etdiyi bir ərəfədə bu idman növünün ən məşhur pilotunu Bakı Şəhər Halqası və onun özünəməxsus xüsusiyyətləri ilə tanış edirik. Mən əminəm ki, o, bu fürsətdən istifadə edərək iyun ayında baş tutacaq yarışlarda iştirak etməzdən əvvəl trekə yaxından bələd olacaq. Fernando Alonso kimi Formula 1 üzrə ikiqat dünya çempionunun və bütövlükdə idman dünyasının böyük şəxsiyyətinin dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edir. Bakıya xoş gəlmisən, Fernando!”
Mənbə:> AzNews.info