Bakıda kənd təsərrüfatı sərgisi keçiriləcək
Bu sektor ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Mayın 19-dan 21-dək Bakıda kənd təsərrüfatı və qida məhsulları istehsalçılarının irimiqyaslı regional forumu - Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” (“Caspian Agro 2016”) sərgisi keçiriləcək.
Bu barədə Oxu.Az Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir.
Kənd təsərrüfatı sektoru ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Bu il “Caspian Agro 2016” sərgisində Almaniya, Gürcüstan, İndoneziya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları iştirak edəcəklər.
Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarını öyrənmək istiqamətində ilk addımlarını atan yeni şirkətlər də öz məhsullarını təqdim edəcəklər.
Ənənəvi olaraq, “Caspian Agro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycanın regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq.
Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edərək bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradacaqdır.
Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr və s. daxildir.
Sevindirici haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər.
Kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya isə öz zənginliyi ilə seçilməklə yanaşı, Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də xaricində quraşdırılmış platformalarda təşkil olunacaq. “Caspian Agro 2016” sərgisinin qeydiyyat üzrə sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir.
Ənənəvi olaraq, bu il də sərgini dolğun işgüzar proqram müşayiət edəcək, belə ki, sərgi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universitetinin dəstəyi ilə 1-ci Azərbaycan beynəlxalq “Quşçuluq sahəsində innovativ texnologiyalar” konfransının keçirilməsi planlaşdırılır. Bu konfransın əsas qayəsi yerli mütəxəssisləri, eləcə də quşçuluq təsərrüfatlarının rəhbərlərini quşçuluq sahəsində mövcud olan innovativ texnologiyalar və yeni təmayüllərlə tanış etməkdir.
Konfrans əsnasında quşçuluq sənayesinin cari problemləri və onların həlli variantları, yeni texnologiyaların tətbiqi sayəsində istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılması və s. bu kimi məsələlər müzakirə olunacaq.
Beləliklə, “Сaspian Agro 2016” sərgi və konfransı iştirakçıların ən son təmayüllərlə tanış olmalarına unikal imkan yaratmaqla, mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün münasib şəraiti təmin edəcək.
Bu isə Azərbaycanın kənd təsərrüfatı sənayesinə yatırılan investisiyaların həcmini artırmaqla yanaşı, bu sahədə yeni texnologiyaların tətbiqini də stimullaşdıracaqdır.
Mənbə:> Oxu.Az