Prezident yeni Fond yaratdı
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat artıb.
Dövlət başçısı ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə qərara alıb ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılsın.
Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərcləri bölgüsündə 10 milyon manat nəzərdə tutmaq; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mənbə:> ANSPRESS