Heç zaman qonaq qəbul etməyən 10 min nömrəli mehmanxana – FOTO
Bakı, 17 aprel, SalamNews, C.Nəzərov. Bu otelin heç zaman daimi sakinləri olmayıb. Bunun özünə məxsus dəhşətli səbəbləri var.
SalamNews-un Rusiya KİV-inə istinadla verdiyi xəbərə görə Almaniyanın Rügen adasının geniş qumlu çimərliyində dünyanın ən nəhəng oteli yerləşir. Onun dənizə mənzərə açılan nömrələrinin sayı 10 mini ötür və beş kilometrdən çox məsafədə sahil boyunca uzanır.
Nə qədər qəribə görünsə də artıq 70 ildir ki, otel boş olaraq qalır. Səbəb isə ondan ibarətdir ki, Prora adlı bu dəniz kurortu Hitlerin əmri ilə nasistlər tərəfindən 1936-1939-cu illərdə tikilib. Bu müddətdə Hitler müharibəyə hazırlaşıb, bu səbəbdən onun prioritetləri dəyişib və tikinti layihəsi sona qədər başa çatdırılmayıb.
Prora oteli Yasmunder-Bodden dəniz körfəzini Baltik dənizindən ayıran insanların məskunlaşmadığı dar torpaq sahəsində, iki alman vilayəti Zasnits və Bints vilayətləri arasında yerləşir.
5 kilometr uzunluqda olan otel binası dənizdən 150 metr məsafədə yerləşir.
Bir neçə il ərzində Reyxin bütün nəhəng tikinti şirkətləri və təxminən doqquz min işçi bu layihəyə cəlb edilib.
İkinci dünya müharibəsinin başlanması ilə tikinti dayandırılıb, bütün işçilər isə silah zavodlarında işə cəlb olunub.
Müttəfiqlərin kütləvi bombardmanı zamanı Hamburqdan olan bir çox insanlar yaşayış bloklarından birində sığınacaq tapıblar.
Müharibədən sonra Prora oteli Şərqi Almaniya ordusu üçün hərbi forpost qismində istifadə edilib.
20 min nəfərin istirahəti üçün nəzərdə tutulan geniş kompleks ″Sevincdən keçən güc″ nasist proqramının bir parçası olub.
Bu proqramın məqsədi almaniyalı işçilərə istirahət təqdim etmək və nasist təbliğatını yaymaqdan ibarət olub.
Üçüncü Reyxin bütün memarlığı üçün xarakterik olan əzəmətlilik və amiranəlik, yaxından baxarkən ağrılı hisslər gətirən bu oteldə əksini tapıb.
Mənbə:> SalamNews