Övladlarını cəmi 2 dollara satmış ana » AzNews.info -Xəbər portalı

Övladlarını cəmi 2 dollara satmış ana – FOTO

Övladlarını cəmi 2 dollara satmış ana


Bu foto bir çox ABŞ qəzetlərində 1948-ci ilin avqustunda peyda oldu. Evin qarşısındakı kustar elanda 4 uşağın satışa çıxarıldığı qeyd olunub. Auksionu uşaqların anası - 24 yaşlı Lüsil Çallifuks təşkil edib.

Ailənin başçısı, 40 yaşlı sürücü Rey aylardır işsizdir. Körpələr acdır, üstəlik də ailə kirayələdiyi evi borclara görə tərk etməlidir. Evdən qovularkən Lüsilin ağlına uşaqlarını satmaqdan başqa ideya gəlmir.

Fotoda Lüsil utandığından üzünü gizlədir. Onun bətnində beşinci övladı var. Nə baş verdiyini anlamayan körpələr isə susqun və qayğısız oturublar. Qəzetlərdə onların adları və yaşları da göstərilib: Lana - 6 yaş, Raya - 5 yaş, Milton - 4 yaş və Syu-Ellen - 2 yaş.

Övladlarını cəmi 2 dollara satmış ana


Fotonu ilk gördüyümdə onun səhnələşdirildiyini fərz etmişdim. Belə deyilmiş - bu, Dünya müharibəsindən kökəlib çıxmış yeganə ölkə olan ABŞ-ın o illərinin reallığı imiş. Həm də elə bir sərt reallığı ki, nə bu fotoya, nə də sonradan övladlarını satdığına görə Lüsiyə heç “kəs gözün üstə qaşın var” demir. Yəni, nə ona kömək əli uzadırlar, nə də qanun onu bu cinayətinə görə cəzalandırır. Elə çıxır ki, qanunlar öz övladını satışa çıxarmağı qadağan etmirmiş. Əks halda, bu fotodan dövlət xəbərdar ola-ola necə hüquqi tədbir görülməyə bilərdi ki? Foto isə 1948-ci ilin avqustunda təkcə Çalifuksların yaşadığı Çikaqonun qəzetlərində yox, həm də Nyu-York, Texas, Ayova, Ohayo, Pensilvaniya, Vaşinqton mətbuatında işıq üzü görmüşdü. Lüsil isə bu 4 uşaqdan başqa, tezliklə dünyaya gətirəcəyi beşinci övladını da satacaqdı.

İllərlə maraq dairəmdə olmuş bu fotodakı uşaqların sonrakı taleyi barədə bilgilər toplamaq cəhdlərim hər dəfə uğursuzluqla nəticələnirdi. Yalnız bu yaxınlarda mövzuya aydınlıq gətirən yazı ilə rastlaşa bildim. “New York Times” qəzetinin 2013-cü ilin iyun nömrələrindən birində o uşaqların satışdan sonrakı həyatları barədə məqaləyə rast gəldim. Məqaləni müşayiət edən fotolardan birində iki qoca qadın yanaşı oturub fotoobyektivə baxırdı. Onlardan biri sağalmaz xəstədir və müstəqil nəfəs ala bilmir, süni tənəffüslə yaşayır. Əlini onun çiyninə qoymuş sağdakı qadın isə gülümsər gözlərlə sanki ona təsəlli verir.



Soldakı qadın 1948-ci ildə cəmisi 2 yaşı olan Syu-Ellen, sağdakı isə onun bacısı Rayadır. 2013-cü ildə onların müvafiq olaraq 67 və 70 yaşları var. Ayrılıqdan keçən 63 il ərzində bu, onların ilk və son görüşüdür. Bir neçə gündən sonra Syu-Ellen xərçəng xəstəliyindən vəfat edəcək.

Raya bacılarını onillər boyu axtarıb. O xatırlayır ki, onlara müştəri həmin fotodan il yarım sonra tapılır. 1950-ci ildə anası onu satır, bu vaxt ondan ayrılmaq istəməyən və ağlayan qardaşı Miltonu da yeni ailə özü ilə götürür. Onların sonrakı illəri cəhənnəmi xatırladır. Bacı və qardaş kölə kimi işlədilir, zəncirdə saxlanılır. Yeniyetməliyində Rayanı oğurlayıb zorlayırlar və o, uşaq doğur. 17 yaşında isə yeni evdən qaçır. “Mən oranı arxama baxmadan tərk etdim”, - Raya deyir.

Milton isə işgəncələrə qarşı etiraz etdiyinə görə polis çağırırlar. O, polisə müqavimət göstərir və məhkəmə qarşısına çıxarılır. Yeniyetməni şizofrenik elan edərək psixiatrik klinikaya salırlar və oranı bir də 20 yaşında tərk edir.

Raya və Milton bir-biri ilə əlaqəni üzmürlər. Milton hazırda Tuson şəhərində yaşayır və işsizdir. Raya anası ilə bir də 21 yaşı olanda rastlaşır və həmin görüşü təkrarlamağı xoşlamır: anası əməlindən qətiyyən peşman deyildi. Digər iki bacı - Lana və Syu-Ellendən isə onlar axtarışlara baxmayaraq onillər boyu xəbər öyrənə bilmirlər.

Onlar bir-birini bir də 2013-cü ildə sosial şəbəkələrdə həmin məşhur fotonu yaydıqdan sonra tapırlar. Ancaq həmin vaxt Lana artıq həyatda yox idi - böyük bacı 1998-ci ildə xərçəngdən vəfat etmişdi.

***

Syu-Ellenin oğlu Timoti xatırlayır: “Beş yaşım olanda anamı hirsləndirdiyimdə o, məni başqasına satacağı ilə qorxutmuşdu. Deyirdi ki, anası da onu uşaq vaxtı satıb. O yaşda belə sözlərə inanmırsan. Böyüdükcə bildim ki, bu həqiqətmiş”.

Raya isə xatırlayır ki, anası onu və qardaşı Miltonu cəmisi 2 dollara satıb. O, bu pula lotereya bileti almaq istəyirmiş.

Syu-Ellenin xəstəliyi onu həm rahat nəfəs almaqdan, həm də nitqdən məhrum edir. O, suallara cavabı yalnız yazmaqla verə bilir. Və anası barədə soruşanda gücsüz, titrək əli ilə kağız parçasına yazır: “O, cəhənnəm odunda yanır”...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *