Nardaranın Abşeron küçəsinin son vəziyyəti – VİDEO+FOTO
“Küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 m idi”.
Prezident İlham Əliyevin tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi məqsədi ilə aparılan işlər çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron küçəsinin yenidən qurulması yekunlaşmaq üzrədir.
ASC-dən Oxu.Az-a verilən məlumata görə, yaxın günlərdə küçə tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
“Küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 m idi. Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsi və piyada səkilərinin olmaması vətəndaşların gediş-gəlişində çətinliklər yaradırdı. Lakin indi layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb”, - deyə məlumatda vurğulanıb.
“Azəravtoyol”dan bildirilib ki, genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni darvazalar qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib.
Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Səkilərin 8800 kvadratmetr sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib.
Abşeron küçəsində işlər yekunlaşdıqdan sonra Nəsrulla Əsgərov küçəsində də yenidənqurma işlərinə başlanılacaq. Aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı küçənin eni genişləndirilərək 16 metrə çatdırılacaq. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 p/m səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.
Mənbə:> Oxu.Az