Yasamalda bir neçə küçədə təmir işləri yekunlaşır – VİDEO+FOTO
May ayının sonuna kimi bir-neçə küçədə təmir işləri yekunlaşacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri davam etdirilir.
Artıq bir-neçə küçədə aparılan yenidənqurma işləri yaxın günlərdə yekunlaşacaq.
Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ə.Haqverdiyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yol boyu 3 min paqon-metr səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulub.
Ümumilikdə 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Yolun uzunluğu 1700 metr, eni isə 16-21 metr arası dəyişir.
Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan yolda 1 min kvadrat metrlik hissədə əsaslı, 2 min kvadrat metrlik sahədə isə orta təmir işləri aparılır.
Küçə boyu 600 paqon-metr səki daşı qoyulacaq. Sözügedən yolun uzunluğu 300 metr, eni isə 10 metrdir. Artıq küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 520 metrlik hissəsi əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib.
Bəxtiyar Vahabzadə küçəsində işlər tam bitdikdən sonra küçə ilə kəsişən Əhməd Cəmil küçəsinin də yenidənqurulmasına başlanılacaq. Bu küçədə də sıradan çıxmış asfalt-beton örtüyünün aşınma qatı qaşınaq, yeni, daha keyfiyyətli asfaltla əvəzlənəcək.
Küçə boyu səki daşları dəyişdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, yeni baxış qapaqları qoyulacaq, yağış barmaqlıqları yenilənəcək, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulacaq.
Mənbə:> Oxu.Az