Bakıda yolların yenilənməsi davam edir – FOTO
Bakıda Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində həyata keçirilən kompleks tədbirlər artıq yekunlaşıb və yol tam olaraq nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az verilən məlumata əsasən, Heydər Əliyev prospekti yan yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Belə ki, yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib, yolun kənarında yaşıllıq zonası salınıb.
Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulub.
Sabah axşamdan etibarən isə Heydər Əliyev prospekti digər yan yol, Hidrometereoloji Proqnozlar bürosunun yerləşdiyi binanın qarşısından “Koroğlu” metrostansiyasına qədər olan hissəsi aparılacaq təmir-tikinti işləri ilə bağlı tam olaraq bağlanacaq və burda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.
Bundan əlavə, Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhər itiqamətinə doğru olan hissəsində də nəqliyyatın hərəkəti bərpa edilib.
Nəqliyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə Bakı Dairəvi yolunda təmir-tikinti işləri davam etdirilir.
Yolun şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsinin 10 kilometrində təmir işləri artıq yekunlaşıb. Yolun 4 kilometrlik hissəsində isə təmir-tikinti işləri davam etdirilir. Hələlik sürücülər yolun məhz təmir olunmuş hissəsindən, yəni “maşın bazarı” istiqamətinə doğru çıxan yola qədər istifadə edə bilirlər.
Bakı dairəvi yolla şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri “maşın bazarı” istiqamətinə çıxmaqla rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər. “20 Yanvar” dairəsinə, Biləcəri qəsəbəsi və Sumqayıt şəhərinə doğru hərəkət edən nəqliyyat vasitələri isə yolun 9,5 kilometrlik hissəsində yaradılmış keçiddən istifadə edərək Bakı Dairəvi yolun əks istiqamətinə çıxmaqla hərəkət edə bilərlər.
Qeyd edək ki, Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissəsi qazılaraq çıxarılıb, həmin hissədə yeni yol yatağı salınıb.
Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə 175 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb.
Yolda təmir tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və işlərin may ayının 5-dək yekunlaşdırılması nəzərdə tutulub.
Mənbə:> Oxu.Az