Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır – FOTO

Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır


Martın 17-də Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək ümumxalq Novruz şənliyinə növbəti hazırlıq məşqi keçirildi. Tədbirə müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri və ifaçılar qatılmışdı.
AzNews.info xəbər verir ki, məşq prosesini yaxından izləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Novruz şənliyi ilə əlaqədar jurnalistlərə açıqlama verdi. Azərbaycan xalqına bayram təbriklərini çatdıran nazir müavini bildirdi ki, Novruz bayramına həsr olunan bu şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb: “Hazırda son məşqlər gedir. Görülən işlər onu deməyə əsas verir ki, Novruz bayramına həsr edilən bu möhtəşəm musiqi proqramı bütün insanların ürəyincə olacaq”.

Daha sonra Ədalət Vəliyev şənliyin proqramı haqqında geniş məlumat verdi. Bildirdi ki, hər il Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə yüksək səviyyədə qeyd olunur. Bu il də ənənə pozulmayacaq. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı həm Bakıda, həm də ölkəmizin bütün bölgələrində geniş qeyd olunacaq.

Qeyd olundu ki, martın 19-da Novruz şənlikləri İçərişəhərdən, Qız qalası ətrafından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də respublikanın teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərin, qalereyaların iştirakı ilə geniş proqram hazırlanıb.
Bayram tədbirində ənənəvi “Şərq bazarı” da təşkil ediləcək. Azərbaycanın bölgələrini əhatə edən milli mətbəx nümunələri, həmçinin ölkəmizin müxtəlif rayonlarının kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. Eyni zamanda muğam ifaçıları və aşıqlar ayrı-ayrı səhnələrdə çıxış edəcəklər.
Bayramın personajlarına gəlincə, Ədalət Vəliyev vurğuladı ki, ənənəvi olaraq şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı iştirakçıları salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanların, nağıl obrazlarının bir araya gəlməsi mərasimə xüsusi ovqat gətirəcək. Teatrların aktyorları, o cümlədən Kukla Teatrının bütün kollektivi həm kukla obrazlarında, həm də xalq nağılları qəhrəmanlarının obrazlarında şənlikdə iştirak edəcəklər. Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, digər mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri bayrama rəng qatacaqlar.

Nazir müavini bildirdi ki, Novruz tədbirləri çərçivəsində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” yarışları üzrə Avropa Qran-pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək. Eyni zamanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idmanın bütün növləri bu stenddə təqdim olunacaq. Həmçinin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da mərasimdə diqqətə alınacaq. Respublikada yaşayan azsaylı xalqların adət-ənənələrini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar “Multikulturalizm ili”nə töhfə olacaq.

Ədalət Vəliyev vurğuladı ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də Novruz şənliyinin təşkil olunmasında yaxından iştirak edir.

Sonda nazir müavini bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Qeyd edək ki, Novruz şənliyi çərçivəsində ölkəmizin müxtəlif rayonlarını əhatə edən ənənəvi “Şərq bazarı” yarmarkasında bayram sovqatları, mədəni irs, sənaye məhsulları və mətbəx nümunələri ayrı-ayrı stendlərdə nümayiş olunacaq. Ötən ildən fərqli olaraq bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunacaq bayram yarmarkası 3 gün davam edəcək. Bayram günlərində Dənizkənarı Milli Park gücləndirilmiş iş rejimində işləyəcək. Bulvarda fəaliyyət göstərən obyektlər tez açılıb, gec bağlanacaq. Həmçinin paytaxtın muzeyləri, teatrları və digər mədəniyyət müəssisələri də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək, şəhər sakinlərinə və qonaqlarına xidmət edəcək.

Novruz şənliyi Muzey Mərkəzinin qarşısında nəfəs alətləri orkestri, hərbi orkestr və Dövlət Xor Kapellasının çıxışları ilə yekunlaşacaq. Tədbir daha sonra “Saat” qülləsinin qarşısında davam edəcək. Burada səhər saatlarından başlanacaq bayram konserti axşamadək şənlik iştirakçılarını əyləndirəcək. Bir sözlə, hazırlanan zəngin proqram tədbirə qatılacaq paytaxtımızın sakinlərinə və qonaqlara, eləcə də konserti televiziya vasitəsilə seyr edəcək vətəndaşlarımıza əsl bayram ovqatı bəxş edəcək.

Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır
Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *