Mübarizin nəşini vətənə gətirən hərbiçimizin səhhəti ilə bağlı şad xəbər - FOTOLAR
Bu barədə məlumatı AZXEBER.COM-a İlkin Quliyevin ailə üzvləri verib. İlkinin həyat yoldaşı bu gün Səhiyyə Nazirliyinin məsul şəxslərindən biri ilə görüşdüklərini və onlara İlkinin müalicəsinin Türkiyədə alacağına söz verdiklərini bildirib:
“Bu gün Səhiyyə nazirliyinin məsul şəxslərindən biri bizi qəbul etdi. Sabah təəcili yardım avtomobili göndəriləcək və İlkin Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Klinik Xəstəxanasına qaldırılacaq. Ordan isə müalicəsini davam etdirmək üçün nazirlik tərəfindən Türkiyəyə göndəriləcək”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də AZXEBER.COM-a məlumat verərkən İlkinin müalicəsi üçün nazirlik tərəfindən bütün lazımi işlərin görüldüyünü deyib.
“Artıq nazirlik tərəfindən bütün araşdırmalar aparılıb və İlkin Quliyevin müalicəsi üçün bütün lazımi işlər görüləcək”.
Xatırladaq ki, AZXEBER.COM bir neçə gün bundan öncə qaydasız döyüş üzrə Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titulların sahibi, 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyədə “nakaut” edərək qələbəyə imza atan Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun baş leytenantı İlkin Quliyevin səhhətinin ağır olması ilə bağlı reportaj hazırlamışdı (red: Reportajı buradan oxuya bilərsiniz).
Onu da əlavə edək ki, İlkin 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbiçilərdən biri olub.
Mənbə:> AZXEBER.COM